Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı son qərarı: Azad edilsin
Avropa Məhkəməsinin “ReAl” hərəkatının həbs edilmiş lideri İlqar Məmmədov barəsində ikinci iş üzrə qərarı qüvvəyə minib və üç ay ərzində icra olunmalıdır. Virtualaz.org xəbər verir ki, bunu müxalif siyasətçinin vəkili Fuad Ağayev deyib.
Qeyd edək ki, məhkəmənin 16 noyabr 2017-ci il tarixli qərarı ilə İlqar Məmmədovun ədalətli mühakimə hüququnun pozulması təsbit edilmiş (İnsan Haqları haqqında Konvensiyanın 6-cı maddəsi), 7 il müddətinə azadlıqdan məhrum edilmə qərarı isə faktiki olaraq əsassız hesab olunmuşdu.
Avropa Məhkəməsinin bu qərarından həm Azərbaycan hökuməti, həm də İlqar Məmmədovun özü şikayət vermişdi. Müxalif siyasətçi tələb edirdi ki, 6-cı maddə ilə birlikdə Konvensiyanın 18-ci maddəsinin də pozulması təsbit edilsin, Azərbaycan hökuməti isə iddia edirdi ki, İlqar Məımmədovun barəsində Konvensiyanın 6-cı maddəsi pozulmayıb.
Bu gün Avropa Məhkəməsinin Böyük palatasının 5 hakimdən ibarət kollegiyası hər iki şikayəti rədd edib vıə bununla da 16 noyabr 2017-ci il tarixli qərar 3 ay müddətində icra olunmalıdır.
Faktiki olaraq, bu, o deməkdir ki, İlqar Məmmədovun barəsində qərar ləğv edilməli, o, azadlığöa buraxılmalı və 10 min avro məbləğində kompensasiya ödənilməlidir.
Mənbə:> Virtualaz.org