Ərəb Əmirliklərində Türkiyə seriallarına qadağa qoyuldu
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərkəzi Dubayda yerləşən ”Orta Şərq Yayım Mərkəzi” (MBC) 11 telekanala Türkiyə istehsalı olan serialları nümayiş etdirməyə qadağa qoyub.
Mərkəzin sözçüsü Mazen Hayek məlumatı təsdiqləyib.
Bununla yanaşı, o daha “güclü ərəb serialı çəkəcəklərini” də vurğulayıb.
Bildirilib ki, Mərkəz bütün telekanallara bu barədə təlimat göndərib.
MBC 1991-ci ildə Londondan peyk vasitəsilə ərəb dilində yayımlanan ilk xüsusi telekanaldır. 2002-ci ildə baş ofisi Dubaya köçürülən Mərkəzin hazırda 11 kanalı fəaliyyət göstərir.
Qeyd edək ki, Türkiyənin serial sektoru üçün Yaxın Şərq ən əhəmiyyətli bazardır. Məsələn, Yaxın Şərqdə ABŞ-ın ən bahalı serialının satış qiyməti 30 min dollar təşkil edirdisə, türk serialı bundan dörd dəfə baha – 120 min dollar idi.
Onu da bildirək ki, türk serialları dünyanın 140 ölkəsinə ixrac edilir. Son səkkiz il ərzində teleseriallardan gəlirlər 30 dəfə artıb. Serial ixracı üzrə gəlirlər 2008-ci ildə 10 milyon dollar idisə, 2016-ci ildə bu rəqəm 350 milyon dollar olub. Hədəf 2023-cü ilə qədər serial ixracatından gəlirləri 1 milyard dollara yüksəltməkdir.
Mənbə:> Virtualaz.org