Seyran Ohanyan: “Erməni və azərbaycan xalqları yanaşı yaşayıb, bundan sonra da yaşayacaq...”
Ermənistanın keçmiş müdafiə naziri, hazırda keçmiş xarici işlər naziri Vardan Oskanyan və “İrs” partiyasının lideri Raffi Ovanisyanla birlikdə blok yaradıb parlament seçkilərinə hazırlaşan Seyran Ohanyan bütün siyasi partiyaları Qarabağa dair ictimai müzakirələrə çağırıb.
Virtualaz.org xəbər verir ki, “Aravot” qəzeti Ohanyanın çıxışından aşağıdakı sitatları dərc edib: “Erməni və azərbaycan xalqları yanaşı yaşayıblar və bundan sonra da yaşayacaqlar, onlar sülh istəyirlər, lakin bizim regionda sülh və tolerantlıq məsələsini həll etmək üçün Azərbaycanla Ermənistan arasında balansı təmin etmək lazımdır. Eyni zamanda iki xalqı xalq diplomatiyasına təşviq etmək, qarşılıqlı etimad mühiti formalaşdırmaq vacibdir”.
Keçmiş müdafiə nazirinin sözlərinə görə, bu etimadın olmaması danışıqlar prosesini pozur, aprel müharibəsi də buna şahiddir. “Münaqişənin nizamlanmasının nəticəsi olaraq qaliblər və məğlublar olmamalıdır, yaxud birtərəfli qərarlar verilməməlidir. Biz ancaq belə həll yolu ilə uzunmüddətli sülhə nail ola bilərik”-Ohanyan deyib.
Seyran Ohanyan məhz aprel müharibəsindən sonra Ermənistanda başlayan proseslərin nəticəsi olaraq keçmiş səngər yoldaşının komandasını tərk edib və hazırda özünü Sərkisyana qarşı əsas müxalif qüvvə hesab edir.
Mənbə:> Virtualaz.org