Keçmişlə gələcək arasında Əliyev imzası » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Tarix, Foto

Keçmişlə gələcək arasında Əliyev imzası – FOTO

Keçmişlə gələcək arasında Əliyev imzası



İnsan həyatında əsrin dörddə biri əlçatmaz əbədiyyətdir. Lakin insan cəmiyyətinin iyerarxik çoxsəviyyəli zaman sistemi baxımından, yaxud daha sadə dillə desək, tarix baxımından bu bir ani parıltıdır, andır, qısa zaman kəsiyidir...

Hazırkı İlham Əliyev Azərbaycanını keşməkeşli 90-ların əvvəllərində itib-batmış uzaq qaranlıqdan təxminən dörddə bir əsr ayırır.

Dünən dahi Zaha Hadidin ən yaxşı memarlıq incilərindən sayılan təmtəraqlı sarayda fəaliyyətdə olan prezident İlham Əliyev yenidən siyasi səhnəyə qalxdı.

Keçmişlə gələcək arasında Əliyev imzası


Əliyev keçmişlə gələcək arasında

“Arxitekturada dalğavari xətlər keçmişlə gələcəyin əlaqəsini simvolizə edir”, - mərhum Hadid bir neçə il əvvəl özünün şah əsərini dünyaya bu sözlərlə tanıtmışdı. İlham Əliyevin tribunasından tərəfdarlarına, ölkəyə və seçicilərinə gələcəyin proqramını təqdim etdiyi şahanə saray kompleksi də Üçüncü Azərbaycan Respublikasının banisinin - Heydər Əliyevin imzasının əksidir.

Təxminən dörddə bir əsr öncə Azərbaycan ziyalılarının parlaq nümayəndələri ölkədən təcrid olunmuş, blokada şəraitində olan Naxçıvana bir məqsədlə getmişdilər – fövqəlgüclü Siyasi Büronun patriarxlarından birini yeni böyük siyasətə qayıdaraq özünün kiçik və az qala məhv edilmiş xalqının taleyinin xilasına inandırmaq üçün. Solğun lampa işığı ilə işıqlandırılmış, o qədər də böyük olmayan soyuq kabinetdə Heydər Əliyev proqram sənədinin altında imzası ilə Yeni Azərbaycan Partiyasını yaratdı. Bu gün bu imza keçmişlə gələcəyin əlaqəsini simvolizə edir.

Həmin o solğun lampa işığında siyasi yeniləşmənin əsası qoyulurdu. İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam və inkişaf etdirir. Diqqət yetirin, dünən proqram xarakterli çıxışında prezident bir daha siyasi islahatların və modernləşmənin davamına çağırış etdi.

Dövlətçiliyin dirçəlişi, iqtisadiyyatın çiçəklənməsi, siyasi yenilənmə - Əliyev konsepsiyasının bu üç başlıca meyarı iki prezidentin idarəçilik ruhunu xarakterizə edir. Pərən-pərən olmuş, vətəndaş müharibəsi və erməni işğalının alovuna atılmış məhv olan ölkə möcüzə nəticəsində qorunub saxlanıldı. Dünyanın ən qeyri-sabit ölkələrindən birində sabitlik sistemi bərqərar oldu ki, bu da ardınca iqtisadi dirçəlişi və ümummilli rifah cəmiyyətinin təşəkkülünü gətirdi.


Keçmişlə gələcək arasında Əliyev imzası

Bəs sonra?

Tarixi proses əldə olunmuş nailiyyətlərlə bitmir. İstənilən inkişaf problemlərin, səhvlərin, yanlışlıqların və alternativ axtarışlarının yaranmasına gətirib çıxarır. Doğrudanmı, Azərbaycan cəmiyyətinin alternativi yoxdur?

Problematik sualın mahiyyəti bundan ibarətdir ki, Azərbaycanda hələ də sosial-liberalizmlə inqilabi liberalizm arasında mübarizə davam edir. Əgər İlham Əliyev və onun partiyası sosial-liberalizmi tərənnüm edirlərsə, barrikadanın o biri tərəfindəkilər inqilabi liberalizmin təəssübkeşləridir.

Hakim elitanın başqa alternativi yoxdur. İlham Əliyev bütün elita tərəfindən tanınan və qəbul edilmiş vahid, parlaq və xarizmatik liderdir. Azərbaycan hakimiyyətinin tənqidçiləri tez-tez belə bir sualla müraciət edirlər ki, nəyə görə onilliklər ərzində hakim elita ikinci lideri yetişdirərək ölkəyə təqdim edə bilmir? Həmin məntiqlə başqa sual da vermək olar – nəyə görə bunca illər ərzində Almaniya elitası Merkelə, Türkiyə elitası Ərdoğana, İran elitası Xamneyiyə, Rusiya elitası Putinə, Çin elitası isə Si Tszinpinə alternativ tapa bilmir?

Çox yəqin ki, cavabı Azərbaycan gerçəkliklərində, yaxud da siyasi stereotiplərdə və ənənəviçilikdə deyil, müasir dünya siyasi və hətta tarixi prosesinin tendensiyalarında axtarmaq lazımdır.

Nəyə görə Azərbaycan cəmiyyəti 15 ildir ki, seçimini təkcə İlham Əliyevin üzərində saxlayır? Nəyə görə cəmiyyət diqqətini hakimiyyətin alternativinə yönəltmir? Çünki Əliyevin əleyhdarları – 1993-cü ildə xalq tərəfindən yıxılmış siyasi qüvvənin - milli inqilabçılığın nümayəndələridir. Əliyevlərin bu günə qədər başqa opponentləri olmayıb. Tale belə gətirib. Prezidentliyə namizədlərdən biri keçmiş prezidentin vəzifələrini icra edən İsa Qəmbər, digəri – keçmiş dövlət katibi Əli Kərimli, üçüncüsü – prezident Elçibəyin müşaviri Cəmil Həsənlidir... Qarşı düşərgənin daha passionar nümayəndələri olan Gültəkin Hacıbəyli, Rəsul Quliyev, Hüseyn Abdullayev və bir çox digərləri isə özləri keçmişdə Əliyevlərin fədakar təşviqatçıları və öz təbirlərincə desək, “sadiq əsgərləri”dir.

Keçmişlə gələcək arasında Əliyev imzası


Dağınıq şəbəkə düşüncəsinə qədər cılızlaşmış qarşı düşərgə, yaxud müxalifət xalqa qeyri-təkmil, lakin yeganə alternativ təklif edir – milli inqilabçılıq. Milli inqilabçılığın hakimiyyət dövrü ictimai düşüncədə nələrlə eyniləşdirilir? Əli avtomatlı saqqallılar, çörək dalınca uzun növbələr, Qarabağda məğlubiyyətlər, iqtisadiyyatın dağılması, kəndin tənəzzülü... Bu qorxunc mənzərə kino lenti kimi gözlər önündən keçərək, məhv edilmiş illərin qaranlığının dəhşətini saçır.

Bu barədə İlham ƏIiyev dünən uzun və ətraflı danışdı. İndi ona qarşı çıxanlar cavanlıq səhvlərini düzəltmək istəyən qocalardır. Xalq isə fikirləşir – düzəldəcəklərmi?

Prezident seçkiləri elan edilən kimi milli inqilabçılığın liderlərindən biri olan Əli Kərimli xalqı intifadaya səslədi. Əgər xalq iqtidara və Əliyevə qarşıdırsa, etiraz meydanı niyə yenidən boşdur? Bəs hanı sizin tərəfdarlarınız? Siyasətçi tərəfdarlarının bir ovuc qədər olması kimi həqiqəti görürsə, bir yoxlasa yaxşıdır – düzgünmü yaşayıb fəaliyyət göstərir?! Azsaylı tərəfdaşlar sosial qrupunda hələ də hesab edirlər ki, yaddaş azərbaycanlıların zəif yeridir, ələlxüsus da kinli yaddaş. Müxalifət köhnəlmiş və sınıq mebeli xatırladır.

Keçmişlə gələcək arasında Əliyev imzası


Bu dəfə xalq intifada üçün alışıb yanmır

Və məğlubiyyətə düçar olmuşların ölkəni bu cür təqdim etmək cəhdlərinə baxmayaraq, məsələ heç də fərqli düşünənlərlə mübarizə məsələsi deyil. İlham Əliyev öz nitqində xatırladıb: “Onlar bizə 1992-ci ildə qurultay keçirməyə imkan vermədilər”. Əlbəttə ki, tarix hər şeyi xatırlayır. Tarix hər şeyə dözür! Axı indiki müxalifətçilər, o vaxt hakimiyyətdə olanlar Yeni Azərbaycan Partiyasının qurultayının Bakıda keçirilməsinə qadağa qoymuşdular, nəticədə, o vaxtkı müxalifətçilər Heydər Əliyevin kabinetində, onun közərən lampasının ətrafında cəmləşməli olmuşdular...

Qorxu, repressiyalar, divan tutma ilə xalqı qorxutmağa hətta böyük çarlar, despotlar və hökmdarlar da nail olmayıblar. Buna Xalq Cəbhəsinin diktaturası da nail olmadı. “Mən Heydər Əliyevi güllələyəcəyəm”, - o vaxtkı daxili işlər naziri, indiki müxalifətçi İsgəndər Həmidov deyirdi. Lakin Heydər Əliyev bütün bunlara baxmayaraq qayıtdı və qalib gəldi. Niyə? Xalq həmin vaxt intifadaya çıxdı. Və AXC hakimiyyəti köhnə gecə “qarşoku” kimi bir kənara atıldı.

Bu dəfə isə xalq intifada üçün alışıb yanmır. Ona sakit və stabil həyat lazımdır. 2003-cü ildə İlham Əliyevin birinci prezident seçkiləri zamanında olduğu kimi.

Keçmişlə gələcək arasında Əliyev imzası


“Biz sizi Azadlıq meydanında asacağıq!” - indiki prezidentin rəqibləri olan boşboğazlar o vaxt tribunadan qışqırırdılar. Onların bir qismi nəsə möcüzəli şəkildə prezidentin tərəfdarları sıralarına keçdi. Tarix hamısını mühakimə edib!

Müxalifət isə ancaq gözə dəyə bilir, hansısa qanlı ləkə kimi! İndiki müxalifət Yeni Azərbaycana və İlham Əliyevə qalib gələ bilməz. Çünki o, xalqın qanlı yuxusudur.

İlham Əliyev nitqində xüsusi qürurla ölkədəki stabillik barədə danışdı. Bizim əsrimizdə ərəb inqilabları, Ukrayna fəlakəti, hər yerdə baş verən terror aktları və hibrid müharibələr, habelə separatizmin revanşı kimi hadisələrin baş verdiyi bir vaxtda stabillik ən qiymətli nailiyyətdir. Axı bu nailiyyəti ötən əsrin sonlarında ən qeyri-stabil olan ölkədə əldə etmək mümkün olub. Azərbaycana nə təklif edə bilərlər ki, onu ardıcıl stabil inkişafdan imtina etməyə inandırsınlar?

Keçmişlə gələcək arasında Əliyev imzası


İlham Əliyev özünü lider kimi sübut edib

İlham Əliyev təhlükəli siyasi proseslərin gedişini dəyişdirə bilən siyasətçidir. İqtisadi geriləmə zamanı özünün sadiq tərəfdaşları ilə prezident günü-gündən dərinləşən böhranı dayandıra və makroiqtisadi situasiyanı sabitləşdirə bildi.

İlham Əliyev 2005-ci ilin təhlükəli rəngli inqilablar mərhələsində özünü əsl siyasətçi kimi göstərdi və həmin keyfiyyəti heç vaxt itirməyəcək. Düz 10 il sonra İ.Əliyev yenidən təhlükəli situasiyadan çıxdı və qurultayda elan etdi: “Biz çətin situasiyadan çıxdıq!”

Və əlbəttə ki, öz nitqində İ.Əliyev Yeni Azərbaycan Partiyası hakimiyyətinin konsepsiyasının əsasını təşkil edən dəyərlərdən - suverenlikdən və dövlətin müstəqillyindən, formalaşmasından yan keçə bilməzdi. Bütün geosiyasi mərkəzlərdən bərabər məsafədə dayanan və müstəqil Azərbaycanın prezidenti ölkənin gələcəyini bax bu cür görür. Və bu haqda açıq danışır.

Rusiya erməniliyinin dəst-xətti

Və çox təəssüf ki, Azərbaycana dost ölkədə - Rusiyada bəzi KİV-lər sözün hərfi mənasında bu qurultaydan bir neçə saat sonra anqajə olunmuş, bizim reallıqlarımızdan uzaq olan, qonşu və dost ölkədə ictimai rəyi çaşdırmağa yönəlmiş məqalələr dərc etdilər. Bütün bu məqalələrdə qırmızı xətlə hakimiyyətdaxili ziddiyətlər və hətta Azərbaycan hakim elitası daxilində hansısa parçalanma vurğulanır.

Üstəlik, Rusiyada nüfuzlu KİV-lərdən biri, əfsanəvi “İzvestiya” qəzeti açıq-aşkar təxribatçı məqalə ilə çıxış edib. Bu məqalədə ancaq bir məqsəd güdülür - Rusiya ilə Azərbaycan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinə kölgə salmaq. Məqalədə “İzvestiya” üstəlik Azərbaycandan olan antirusiya mövqeli siyasətçilərin və blogerlərin absurd fikirlərinə geniş yer verir, o cümlədən Cəmil Həsənlinin. Lakin sirr pərdəsini aralamaq elə də çətin olmadı.

“İzvestiya”nın baş redaktoru kimdir? Arseni Ohanesyan! Rusiya erməniliyinin sistemli və açıq-aşkar sifarişli işinin daha bir nümunəsi. Hansı ki, haqqin.az və virtualaz.org saytları bu problemlə bağlı dəfələrlə araşdırmalar dərc edib. Onların bir məqsədi var - Rusiya ilə Azərbaycan arasında münasibətlərə bacardıqca zərbə vurmaq. Rusiya və Azərbaycan prezidentlərinin şəxsi dostluq münasibətlərindən, habelə ölkələrimizin tərəfdaşlığının strateji ruhundan çıxış edərək qəzetin hörmətli sahiblərinin obyektivliyinə ümid etmək istərdik. Hansı ki, qəzetin qarşıdakı dövrdə Azərbaycandakı siyasi vəziyyət və seçkilər mövzusuna yenə qayıdacağı yəqindir.

“İzvestiya” ilə demək olar eyni vaxtda “İnosmi” portalı Azərbaycandakı seçkiqabağı situasiya mövzusunda Azərbaycan KİV-lərindən seçmələri deyil, erməni KİV-lərindən, konkret olaraq “Armedia” saytının və jurnalist Narek Minasyanın məqaləsini yerləşdirib. Rusiya erməniliyi yenə öz işindədir və həm Rusiya, həm də Azərbaycan üçün ən həssas problemlərdən istifadə edib ictimai əhval-ruhiyyəni qızışdırmağa çalışır.

Rusiyanın özündəki prezident seçkiləri ərəfəsində bu ölkənin hakimiyyətyönümlü KİV-lərinin sahibləri öz ölkələrindəki proseslərə və təbəddülatlara diqqət yetirsələr yaxşı olar. Xüsusən də, Azərbaycanın hakim partiyası V.Putinin namizədliyinə birmənalı dəstəklə çıxış edərək Rusiyanın daxili işlərinə xaricdən müdaxilələləri və stabilliyi pozmaq cəhdlərini narahatlıqla izləyir...

Heç nə olmamış kimi

Şübhəsiz ki, qarşıdakı prezident seçkilərinin nəticələri bəllidir. Və ona görə yox ki, İlham Əliyevin xalq tərəfindən seçilmiş rəqibləri yoxdur. Azərbaycana alternativ kimi təqdim etməyə heç kim və heç nə yoxdur, xüsusən də dünya tarixinin taleyüklü dövrlərindən birinə. Hər tərəfdə müharibələr, qan, dağıntılar var - İlham Əliyev çıxışında vurğulayır. Prezidentin köməkçisi Novruz Məmmədovun dili ilə hakimiyyət “regionda getdikcə təhlükəli xarakter alan neqativ proseslər” barədə xəbərdarlıq edir.

Dörddə bir əsr əvvəl liberalizmdən və inqilablardan yaranan böyük çaxnaşma yeni yaranan Azərbaycan dövlətçiliyini məhv olma ərəfəsinə gətirib çıxarmışdı. Əliyev parçalanmış Azərbaycanı hissə-hissə toplayıb bərpa etməli oldu. Nəticədə isə dövlət və Əliyevlər bütövləşdi. Tarix və tale belə gətirib ki, Əliyevlər olmadan, indiki halda İlham Əliyevsiz Azərbaycan fəlakətə və çökməyə məhkumdur. Axı Azərbaycana ancaq inqilabi xaos, qlobal güclər tərəfindən bölünüb parçalanma, vətəndaş qırğını təklif edirlər! Azərbaycana inqilabi liberalizm təklif edirlər ki, bu da dövlətçiliyin qalıqlarını birdəfəlik dəfn edə bilər. Ya Əliyev, ya parçalanma... Hətta əsrin dörddə birinin arxada qaldığı bir vaxtda belə bizim seçim imkanımız böyük deyil: keçmişlə gələcəyi cəmi bircə imza ayırır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *