Əli Həsənov nədən hədəfə götürüldü? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Köşə

Əli Həsənov nədən hədəfə götürüldü?

Əli Həsənov nədən hədəfə götürüldü?


Taleh Şahsuvarlı

Doğrusu, hazırda işsiz-gücsüz adamam, hər hansı redaksiya qarşısında yazmaq öhdəliyim olmadığı kimi, gündəmdə qalmaq sayaq bir qayğım da yoxdur.

Bu yazını da sırf vicdanımın hökmü ilə yazdığımı hər kəsin bilməsini istəyirəm. Dəfələrlə demişəm, mənim hakimiyyət düşərgəsində Prezidentin köməkçisi, sözün bütün mənalarında MİLLİ ADAM saydığım Əli Həsənova xüsusi sayğım var. Lakin bu yazı simpatiyanın daha bir dəfə nümayiş etdirilməsinə də xidmət etmir. Hər halda bunu məndən nə tələb edən var, nə də uman, gözləyən…

Bu yaxınlarda bir təcrübəli həmkarımla rastlaşmış, müxtəlif mövzularda söhbət etmişdik. Söhbət əsnasında dedim ki, təxminimə görə, tezliklə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənova qarşı mediyada hücumlar olacaq. Niyə belə bir ehtimal yaranmışdı məndə?

1) Qarşıdan prezident seçkiləri gəlir və ictimai-siyasi proseslərlə bağlı hakimiyyətin analitik-informasiya siyasətinin tənzimləyicisi kimi Əli Həsənova qarşı hücumlar gözləniləndir.

2) Əli Həsənov Azərbaycan Prezidentinə ən sədaqətli kadrlardan biri olmaqla yanaşı, eyni zamanda idarəçilikdə son dərəcə səriştəli, müsbət reputasiyalı fiqurdur, ona qarşı qaralama kampaniyasının aparılması hakimiyyətə qarsi psixoloji basqı səciyyəsi daşıyacaq.

3) Əli Həsənovun yüksək ranqlı bir məmur kimi dövlət maraqlarının qorunmasında ardıcıl və prinsipial mövqe tutması bəzi mərkəzləri ona qarşı cəbhə açmağa hazır vəziyyətə gətirib. Bu mərkəzlər seçkiqabağı istər-istəməz fəallaşacaq və fəallaşma əsnasında Prezidentin köməkçisini hədəfə alacaqlar.
Sözün açığı, mən gözlənilən hücumun dozor manqası kimi vaxtilə Prezident Administrasiyasında şöbə müdiri vəzifəsi tutmuş Elnur Aslanovun kurasiyasında fəaliyyət göstərənləri, o cümlədən FETÖ-nun Azərbaycan mediyasındakı simpatizanlarını təsəvvür edirdim. 1995-ci ildən- 18 yaşımdan mediya sektorunda olan bir adam kimi olduqca dəqiq bilirəm ki, milli və dövlət maraqlarından uzaq hisslərlə "yaşayıb-yaratmış” bir çoxları Elnur Aslanovun kütləvi informasiya vasitələrinə böyük təsir göstərdiyi, qəzetlər, portallar himayə etdiyi, baş redaktorlara paralar sızdırdığı günlərin xiffətini çəkirlər. Bu xəttin Əli Həsənovun adı ətrafında yaratmağa cəhd göstərəcəyi ajiotajı gücləndirməyə amadə bir qrup da var -Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri olduğu dönəmdə qılınclarının dalı da, qabağı da kəsən "reket” qəzet və portalların rəhbərləri. Heç bir müqəddəs meyar, qırmızı cizgi tanımayan bu şərəf və ləyaqət killerlərinin Əli Həsənova aqressiyaları hələ MTN-nin mövcud olduğu zamanlardandır. Nəhayət, mənim adına ümumi şəkildə "Xədicənin dəstəsi” dediyim, amma qrant uğrunda mübarizədə bir-birlərinə qarşı bizim sırf öz imzamıza hörmətdən dolayı onlar haqqında yazmaq istəmədiklərimizi, yaza bilməyəcəklərimizi səsləndirməkdən də çəkinməyən "5-ci kolon” hərəkətə keçirilə bilərdi. Nəhayət, uzunmüddətli müşahidələrimə əsaslanıb birmənalı şəkildə deyə bilərəm ki, Əli Həsənov şəxsən tanıdı-tanımadı, hər zaman mediyamızdakı sekulyar xəttin dirəncinin qırılmamasına dəstək verib, bu üzdən anti-sekulyar zehniyyətin daşıyıcılarının da həmin həmlələrdə iştirakı gümanlar sırasında idi.

Fəqət hücuma "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev keçdi. Mehman Əliyev təcrübəli isimdir, yaxşı təhsilə malikdir, hər zaman islahatlar naminə konsensus imkanlarının dəyərləndirilməsini müdafiə etmiş insandır. Lakin şəxsən mənim nəzərimdə Azərbaycan mediyasının bu günlərə gəlməsində onun mənəvi, bəzən də birbaşa məsuliyyəti var. Xatırlayıram ki, "Soros” Fondunun Azərbaycan bölməsinə rəhbərlik etdiyi dönəmdə ona dəfələrlə müraciət etmiş, mediya layihələrimə 20 min dolları aşmayan məbləğdə dəstək istəmişəm, heç zaman da nəticə görməmişəm. Ümumiyyətlə, mənim fikrimcə, yeni və ictimai maraqlara faydalı olan təşəbbüslər ACİYF-da Fərda Əsədovdan başqa heç vaxt heç kimi maraqlandırmayıb. Elə buna görə də bir insan olaraq haqqındakı mənim də qatıldığım bütün müsbət rəylərə rəğmən, Mehman Əliyev nəzərimdə "ictimai vicdanın mübarizə və prinsipiallıq ünvanı” deyil.

Əvvəla, artıq yuxarıda dediyim kimi, o, Qərbdən Azərbaycanda müstəqil mediyanın inkişafı üçün ayrılan pulların iqtidardan və müxalifətdən eyni məsafədə dayanacaq jurnalistlərin layihələrinə çatmasına deyil, bilərəkdən və ya bilməyərəkdən son nəticədə bəlli bir şəbəkə tərəfindən mənimsənilməsinə şərait yaradıb. İkincisi, öz layihələrinə, o cümlədən fərdi biznesinə zaman-zaman hakimiyyətin, hakimiyyətin müxtəlif iri fiqurlarının ən azı loyal münasibət göstərməsi üçün müəyyən əməkdaşlıqlara gedib. Mehman Əliyevin "Turan”dan kənarda müəyyən biznesə malik olması barədə "Azadlıq” qəzetinin məşhur redaksiyasında çoxları danışırdı. Üçüncüsü, Mehman Əliyevin hakimiyyətlə münasibətləri bəzən hətta o qədər sıcaq olub ki, AXCP, daha doğrusu, AXCP daxilindəki "Yurd”un maraqlarının təminatı üçün müəyyən danışıqlar şəxsən onun vasitəçiliyi ilə aparılıb. Bu barədə Mehman Əliyev özü də zaman-zaman açıqlamalar verib. Fəqət onu bir ictimai-siyasi persona olaraq mənim nəzərimdə tənqidi müstəviyə keçirən hadisə 2013-cü ilin avqustunda baş verdi. Həmin ərəfədə Mehman Əliyev Rusiya Prezidenti Vladimir Putinə məktub imzalamışdı və "şanlı namə”də Azərbaycanın şimal qonşuluğunda yerləşən super dövlətin rəhbərindən faktiki olaraq ölkəmizin iç işlərinə müdaxilə və Azərbaycanın ali qanunlarının pozularaq Rusiyadan Bakıya namizəd ixrac edilməsi xahişində bulunurdu. Sadəcə, bu fakt yetərlidir ki, zamanında böyük amallar daşıyıcısı olmasına rəğmən, ən azından 2013-cü ildən sonra Mehman Əliyevin Azərbaycan dövlətçiliyi üçün qırmızı cizgiləri gözləmədiyinə qənaət hasil edəsən.

Bunun səbəbləri isə müxtəlif ola bilər. Doğrusu, təfsilatına varmaq çətindir, daha əhatəli araşdırma tələb edən mövzudur. Ancaq səbəblər sırasında Mehman Əliyevin bir mediya kapitanı kimi ümumi planda uduzması və öz gəmisini batırması faktı olmamış deyil. Hər halda "Turan” yayım şəbəkəsindən və nəşriyyatdan asılı müxalifət qəzeti deyildi, müstəqillik görüntüsü yaratmış informasiya agentliyi idi, öz kluarında bir zamanlar Azərbaycanın ən böyük media quruluşu sayılırdı. Amma bu gün həmin agentliyin, nəinki APA kimi böyük holdinqlə, hətta ortabab bir xəbər saytı ilə rəqabət aparmaq imkanı yoxdur və bunun əsl səbəbi heç də hakimiyyətdən alınan, yaxud alınmayan pullar deyil. Bu iflasın məsuliyyətini də açıq və ya dolayı şəkildə ranqından asılı olmayaraq hər hansı məmurun, hətta Azərbaycan prezidentinin üzərinə atmaq mümkünsüzdür.

Mehman Əliyev iddia edir ki, onun həbsi ideyası Azərbaycan Prezidentinə Əli Həsənov və Baş prokuror Zakir Qaralov tərəfindən verilib, təklif isə belə əsaslandırılıb ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərində "Turan”ın direktoru müxalifətin vahid namizədi ola bilər. Öz müsahibəsində Mehman Əliyev bir neçə dəfə Əli Həsənova müraciət edir və ondan bu məsələyə aydınlıq gətirməsini istəyir. Əli Həsənov isə bu barədə "Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə qəti şəkildə bildirib: "Tam qətiyyətlə bildirirəm ki, bu iddia absurddur və qətiyyən həqiqətə uyğun deyil. Kökündən yanlış fikir və mülahizələrdir, dövlətin informasiya siyasətini və bu işə birbaşa məsul şəxs kimi mənin reputasiyamı qaralamaq məqsədi daşıyır.”.
Əli Həsənov daha sonra deyir: "Mehman Əliyev məqsədyönlü şəkildə səsləndirdiyi bu tipli açıqlamalara heç özünün də inanacağı qədər sadəlövh insan deyil. O, Azərbaycan dövlətinin media siyasətinin 90-cı illərdən başlayaraq necə formalaşdığını və həyata keçirildiyini, bu siyasətin keçən dövrdəki effektli nəticələrini, xarici dairələrin onun rəhbərlik etdiyi agentlik və digər qurumlar vasitəsilə ölkədaxili proseslərə müdaxilə cəhdlərini və buna nail ola bilmədiklərini çox yaxşı bilir. Qoy mənə dünyada ölkə göstərsin ki, orada dövlət öz mediasını idarə etməyə çalışmır və başlı-başına buraxır. Odur ki, Mehman Əliyev də nə dediyinin fərqindədir və bu fikirlərin səsləndirilməsi sadəcə olaraq onun aldığı növbəti tapşırıqdır”.

Sözün açığı, mən Mehman Əliyevin həbsinin Prezident, o cümlədən Prezidentin Administrasiyasında sanksiyalaşdırıldığını güman etmirəm. Əgər belə olsaydı və bu həbsdə Əli Həsənov hər hansı rol oynasaydı, açıq deyəcəm, Mətbuat Şurası "Turan” İnformasiya Agentliyi direktorunun müdafiəsinə qalxmazdı. Əksinə, Mehman Əliyevin azadlığa çıxması üçün Mətbuat Şurasının müraciətlə çıxış etməsi hər kəsdə o qənaəti yaratmışdı ki, Əli Həsənov Mehman Əliyevin azadlığa çıxmasını istəyir. Mehman Əliyev də hər halda Əli Həsənovun dediyi kimi, heç də "sadəlövh adam” deyil, sadəlövh olmayan bir adamın da təşəkkürü hər halda bu səpkidə olmalı deyildi. Sadəlövh olmayan adamlar onu da gözdən qaçırmadılar ki, Fazil Məmmədovun hələ nazir olduğu zamanda Vergilər nazirliyinin saytında azadlığa çıxmış Mehman Əliyevlə bağlı məlumatlar bir neçə dəfə dəyişdi. Görəsən, Mehman Əliyev niyə öz müsahibəsində Fazil Məmmədovla kəsişən maraqları (uzlaşan və ya toqquşan, fərq etməz) barədə danışmır? Onun həbsinin səbəblərini bu ünvanda, azadlığa çıxmasına təkan verən qərarların isə Prezident Administrasiyasında qəbul edildiyini düşünmək daha məntiqli deyilmi?

Azərbaycan müxalifəti çox təəssüflər olsun ki, məntiqini çoxdan itirib. Əks halda, Rüstəm İbrahimbəyov şarlatanlığından, Cəmil Həsənli avantürasından sonra "yeni ortaq namizəd” axtarışına çıxmaz, Mehman Əliyev də AXCP və Müsavat kimi siyasi resursları tükənmiş və marginallaşmış siyasi dərnəklərin namizədi olmaq havasına girməzdi. Mehman Əliyevin nəinki prezident, hətta parlament seçkilərində hakim partiyanın ortabab bir namizədini udmaq şansı yoxdur. Elə bu səbəbdən də azacıq reallıq hissi olan siyasi texnoloq hakim düşərgənin mənfəəti üçün ona çalışar ki, İlham Əliyevin müxalif rəqibləri məhz bu cür zəif və əliyalın siyasi xarakterlər olsun.

Mehman Əliyevin açıqlamasında bir məqam da var. Onun iddia etdiyinə görə, Emin Hüseynov yaratmaq istədiyi telekanala efir dalğası almaq üçün tenderdə iştirak edib. Eminin iştirak məqsədi isə bu imiş ki, tenderin formal olduğunu sübut etsin. İnsan qərəzlə, qeyri-səmimi danışanda doğrudan da kələfi qarışdırır. İştirak məqsədi tenderin formal olduğunu sübut etmək olan bir adamın və bir layihənin tenderi qazanması nə dərəcədə məntiqli və faydalı olardı, əcaba? Söhbət həm də o Emin Hüseynovdan gedir ki, bəzi məqamlarda elə Mehman Əliyevin dəstəyi ilə Azərbaycanda jurnalistika adına milyonlarla qrant aldığı halda, hələ bircə ciddi yazının altına imza qoymayıb. Adamlar arasındakı kəskin ictimai vicdan fərqi də elə bu məqamda üzə çıxır: Mehman Əliyev əlindəki imkanlarla istedadsız və qabiliyyətsiz, imza kimi özünü hətta təsdiqləməyə də cəhd etməmiş Emin Hüseynovun milyoner olmasına dəstək verib, Əli Həsənov isə əksəri müxalif mətbuatda çalışmış və Emin Hüseynovların üzərindən böyük qrant layihələri udduğu yüzlərlə jurnalistin ev-eşik sahibi olması üçün çalışıb… Dahası, Əli Həsənov doğrudan da Mehman Əliyevin iddia etdiyi sayaq, böyük xəzinə, ləl-cəvahirat sahibidirsə, o zaman nədən sözünü etdiyi "Araz TV” bu günə qədər efirə çıxa bilməyib?

Tam gözlənildiyi kimi, Mehman Əliyevin açıqlaması Əli Həsənovu qaralamaq üçün marıqda yatan bəzi fürsətçiləri dərhal hərəkətə gətirdi. Estafeti Aslan İsmayılov davam etdirdi və dərin bir nalə çəkəndən sonra deyir: "Əli Həsənov… "Yumurta mafiyası”nın üzvü Mürvət Həsənlinin qulluqçusuna, insanlarda nifrət obyekti olan Hafiz Hacıyevin isə patronuna çevrilib”.

Aslan İsmayılov bunu o gün yazmışdı ki, Hafiz Hacıyevlə məhkəmə çəkişməsi vardı, prosesə məcburi qaydada gətirilməsi haqqında hakim qərarı olmasına rəğmən, nə evində, nə də iş yerində tapılmamış, aradan çıxmışdı. Adama deyərlər, madam haqlı olduğuna, fəaliyyətinin hüquqiliyinə və hüquqşünas kimi savadına, insan kimi cürətinə bu qədər arxayınsan, məhkəmədən niyə yayınırsan? İkincisi, Mürvət Həsənli tanınmış iş adamıdır, bəlkə də hansısa tədbirdə Əli Həsənovu beş-altı metr məsafadən görüb, bir-iki dəfə də yaxınlaşıb salamlaşmaq imkanı olub. Amma Aslan İsmayılov görün nə qədər qərəzli və ictimai maraqlar baxımdan ziyankar biridir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri postunu tutan ciddi bir dövlət adamının, bu yerlərə sadə xalqın içindən çıxaraq öz zəhməti, alın təri ilə gəlmiş vətənsevər bir aydının adını sırf konyuktur maraqları çərçivəsində məhkəmələrdə üzləşdiyi adamlarla birgə çəkir?!. Elə onun adını çəkdiyi Elşən Musayev də pis-yaxşı bir siyasətçidir, partiya sədridir, siyasi mövqeyini və üslubunu kimlərsə bölüşə, kimlərsə bölüşməyə bilər. Amma Elşən Musayev məhz Aslan İsmayılov kimi öz xırda maraqları və intriqaları naminə dövlətin məsuliyyətini daşıyan adamlar haqqında zəvzəməz!!!

Mənbə: Azxeber.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *