Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətində dindirildi və... – YENİ HÖKUMƏT QURACAĞINI BİLDİRİB
Gürcüstanın eks-prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən dindirilib.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Saakaşvilinin vəkili Ruslan Çernolutskiy məlumat verib. Eks-prezident cinayətkar dəstə ilə əlbir olmaqda və iğtişaşlar törətməkdə günahlandırılır. Saakaşvili istintaq üçün çağırıldığı Təhlükəsizlik Xidmətinin binasında 4 saatdan çox qalsa da, onun yalnız 2 saat yarımı dindirilməyə həsr olunub.
Jurnalistlərə açıqlamasında sabiq qubernator bildirib ki, bütün suallar siyasi xarakter daşıyıb və onun tərəfdarlarının keçirdiyi etiraz aksiyaları barədə olub.
Saakaşvili onu da vurğulayıb ki, müasir Avropada heç kim barış niyyətli etiraz aksiyalarını sorğulamır, buna görə kimsəni günahlandırmırlar: “Sabahdan etibarən ölkəni dolaşaraq yeni hökumət üçün insanlar seçməyə başlayacağam. Mən bu "300 spartalını" tapmağa hazırlaşıram. Pulumu oğurlamayacaq, Ukraynanı yox etməyəcək, ölkəni başqa metodlarla idarə edəcək yeni insanlar tapmalıyıq”.
Xatırladaq ki, Tbilisi Şəhər Məhkəməsi Mixail Saakavilinin qiyabi 3 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.
M.Saakaşvili özü isə bildirib ki, bu qərar Gürcüstanın keçmiş baş naziri, “Qazprom” un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verilib: "Düşünürəm ki, Poroşenko və İvanişvili bununla bağlı razılaşıblar. Bu qərar tamamilə qanunsuzdur və bütün beynəlxalq, milli normalara, sağlam düşüncəyə ziddir".
Mənbə:> Virtualaz.org