Əli Kərimlinin bacanağı beynəlxalq axtarışa verildi
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq dünən 4 may 2017-ci il tarixdə Azərbaycan Respublikası ərazisini tərk etmiş Bakı şəhər sakini Hüseynov Rauf Faiq oğlunu beynəlxalq axtarışa verib.
Virtualaz.org xatırladır ki, prokurorluq bu addımı hər hansı araşdırma və cinayət təqibi aparılmadığı, cinayət məsuliyyətinə cəlb olunmadığı halda, guya hüquq-mühafizə orqanları tərəfindən təqib olunması, barəsində Nəsimi Rayon Polis İdarəsi və struktur qurumlarında araşdırma materialı və cinayət işinin mövcudluğu, həyat yoldaşı Seyidova Amaliya Rafiq qızı ilə birlikdə polis idarəsinə çağırılmaları, şübhəli şəxs qismində istintaqa cəlb olunaraq ona qarşı ittiham irəli sürülməsi barədə məzmununa yalan məlumatlar daxil edilmiş blank, möhür əksləri və imzaları saxtalaşdırılmış 24 oktyabr 2015-ci il və 9 mart 2017-ci il tarixli hüquq verən rəsmi sənədlərin texniki qurğular vasitəsilə qanunsuz hazırlayıb, məskunlaşdığı xarici ölkənin yerli miqrasiya orqanlarına təqdim etməsinə əsaslı şübhələr yarandığından atıb. Onun barəsində Cinayət Məcəlləsinin 320.1 (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 320.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan edilib.
Hazırda cinayət işi üzrə R.Hüseynovun tutulması, eləcə də təqib olunmalarına, təzyiqlərə məruz qalmalarına dair qanunsuz hazırlanmış saxta sənədlərdən istifadə etməklə xarici ölkələrdə “oturum izni” alan şəxslərin əməllərinin müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir.
Bu gün məlum olub ki, Rauf Hüseynov və Amaliya Seyidova AXCP lideri Əli Kərimlinin qohumlarıdır. Daha dəqiq desək, Amaliya Seyidova müxalifət liderinin həyat yoldaşının bacısı-baldızıdır.
Mənbə:> Virtualaz.org