Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edib
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov Ali Məhkəmənin sədrinə müraciət edib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, Ə. İnsanov məktubunda onun kassasiya şikayəti üzrə məhkəmə iclasının keçirilməməsindən narazılğını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Qaradağ rayon Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun barəsində cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Hökmə əsasən, Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib. Lakin kassasiya şikayəti üzrə məhkəmənin nə vaxt keçiriləcəyi məlum deyil.
Ə. İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri üzrə cinayət işi açılıb.
Ə. İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub. Həmin cəza müddəti ötən ilin oktyabr ayında başa çatıb.
Mənbə:> APA