Məhkəmə Əli İnsanovun vəsatətlərini təmin etmədi
Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Ə.İnsanovun vəkilləri Toğrul Babayevlə Ağaveys Şahverdi vəsatətlə çıxış ediblər.
Onlar sabiq nazirin heç bir günahının olmadığını, Ə.İnsanovun azadlığa buraxılmasını, cinayət işinə xitam verilməsini və həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyiblər.
Vəsatətə münasibət bildirən Ə.İnsanov onun barəsində irəli sürülmüş ittihamın əsassız olduğunu deyib: "Mən heç məhkəməyə belə gəlmək istəmirdim".
Vəsatətlər təmin olunmayıb.
Məhkəmənin növbəti iclası aprelin 12-nə təyin edilib.
* * *15:50
Bu gün Qaradağ Rayon Məhkəməsində həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı açılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Virtualaz.org saytının xəbərinə görə, məhkəmə nəzarətçiləri heç bir səbəb göstərmədən jurnalistləri iclasda iştirak etməyə buraxmayıblar.
Hazırda məhkəmə prosesi davam edir.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il həbs cəzası alıb.
2016-cı ilin oktyabrında Əli İnsanova qarşı Cinayət Məcəlləsinin üç maddəsi - 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya saxlama), 315.2 (Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə) və 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması) maddələri ilə ittiham irəli sürülüb.
İttihamlar təsdiqlənərsə onu 3 ildən 7 ilə qədər əlavə həbs gözləyir
Mənbə:> Virtualaz.org