Nazir müavinindən Dağlıq Qarabağla bağlı AÇIQLAMA
“Ermənistan heç vaxt Azərbaycan torpaqlarını ilhaq etmək imkanına malik olmayacaq”.
“Hər dəfə dünya ictimaiyyəti münaqişənin tezliklə həlli üçün addımların atılmasını tələb edəndə və yaxud aparılan danışıqlarda əldə olunmuş müəyyən razılaşmaların artıq icrasına başlanmalı olan vaxtda Ermənistan bu cür üsullara əl atır, təmas xəttində vəziyyəti gərginləşdirir, Azərbaycanın mövqelərinə hücumlar edir. Bu, Ermənistanın siyasətinə xas olan xüsusiyyətdir”.
AzNews.info APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, Ermənistan bununla dünya ictimaiyyətinin diqqətini yayındırmaq istəyir: “Bu addımlar keçməyəcək. Ona görə ki, Azərbaycan 90-cı illərin əvvəllərində olan Azərbaycan deyil. Azərbaycan həm beynəlxalq səviyyədə nüfuza malikdir, həm də regionun aparıcı dövlətidir və öz potensialına - həm iqtisadi, həm hərbi potensialına görə - Ermənistandan qat-qat irəlidədir. Ermənistan heç vaxt Azərbaycan torpaqlarını ilhaq etmək və özünə qatmaq imkanına malik olmayacaq. Bu, xülyadır, xəyaldır. Nə qədər tez bu xəyaldan əl çəksələr, o qədər tez bu regionda sabitlik bərqərar olar, sabitlik yaranar”.
Mənbə:> APA