Rusiyalı səfirin qatiliylə bağlı yeni detallar ortaya çıxdı
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun çevik polis alayının üzvü Mevlüt Mert Altıntaş tərəfindən öldürülməsiylə əlaqədar yeni məlumatlar gəlməkdə davam edir.
AzNews.info-nun məlumatına əsasən, bu barədə Milli.Az Milliyet-ə istinadən xəbər verir.
Məlumata əsasən, Karlovu öldürən polis məmuru Mevlüt Mert Altıntaşa aid Gmail hesabındakı məktubların o vurulduqdan 2 saat sonra silindiyi ortaya çıxıb.
Cinayətkarın qaldığı evlərdə ələ keçirilən kompüter və cib telefonu, Kibercinayətlə Mübarizə İdarəsi tərəfindən araşdırılmağa başlanılıb. Onun 4 xana ilə şifrələnən mobil telefonuna başqa bir xətlə daxil olmaq mümkün olub.
Təcavüzkarın istifadə etdiyi SİM kart da araşdırılıb. Prokurorluq əhəmiyyətli bir məlumat əldə edib. Səfirin qatilinin kompüterində, axtarış servisi “Google”un “Gmail” poçt hesabı olduğu təsbit edilib. İnformasiya mütəxəssisləri Altıntaşın hesabındakı məktubların hücumdan sonra silindiyini təyin ediblər.
Saat 19.10-da Karlovu qətlə yetirib saat 19.41-də öldürülən Altıntaşın Gmail hesabındaki məktubların saat 21.30-da şəxsiyyəti müəyyən edilməyən bir nəfər tərəfindən silindiyi ortaya çıxıb. Geri qaytarma qutusunu da araşdıran mütəxəssislər, mesajların heç bir “qalıq” buraxılmadan silindiyini müəyyən ediblər.
Prokurorluq indi Altıntaşın hesabına kimin girdiyini, məktublarını kimin sildiyini tapmaq üçün istintaqı daha da gücləndirib. Gmail ofisindən də mesajların çıxarışı istənilib.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Karlov 19 dekabrda Çankaya Müasir İncəsənət Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı güllələnərək öldürülüb.
Mənbə:> Milli.az