Milli Məclisdə Bordyujanın Qarabağla bağlı fikirlərinə etiraz bildirilib
Milli Məclisin iclasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı bəyanatı sərt tənqid olunub.
Aznews.info-un APA-ya istinadən verdiyi məlumatına görə, deputat Qüdrət Həsənquliyev bildirib ki, Ermənistanın Azərbaycanla sərhəddə təxribat törədərək üçüncü ölkəni – Rusiyanı bu münaqişəyə cəlb etmək niyyəti var: “Təxribatın ardınca Bordyujanın Ermənistanı müdafiə edən bəyanatı bir daha təsdiq edir ki, bu adam Ermənistanın bir tütəyidir. Biz məsələ qaldırmalıyıq ki, Ermənistanın ələ aldığı tütək təşkilatın rəhbərliyindən kənarlaşdırılsın. Əks halda, bu, getdikcə bizə problem yaradacaq”.
MM sədri Oqtay Əsədov isə deyib ki, Bordyujanın fikri heç də Rusiyanın mövqeyi demək deyil: “Bordyuja öz fikrini bildirə bilər. Bu gün Bordyujadır baş katib, sabah başqası. Bu, o demək deyil ki, Rusiya onun fikri ilə razılaşır”.
Mənbə:> APA