Lukaşenko Putini başa saldı
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko fevralın 8-də Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşüb.
V.Putin A.Lukaşenkoya bildirib ki, bu görüş ərəfəsində onun Kiyev, Berlin və Parisdən olan həmkarları ilə “Normandiya formatında” söhbəti başa çatıb. Rusiya dövlətinin başçısı deyib: “Biz razılığa gəldik ki, Minskdə bu formatda görüş təşkil etməyə çalışacağıq. Son vaxtlar intensiv müzakirə etdiyimiz bəzi məqamları çərşənbə gününə qədər razılaşdıra bilsək, görüşü həmin günə təyin edəcəyik”.
Vladimir Putin Aleksandr Lukaşenkoya müraciətlə deyib: “Mən Sizdən xahiş edərdim ki, indiyə qədər ekspertlər səviyyəsində görüşlər üçün Minsk məkanını lütfkarlıqla bizim sərəncamımıza verdiyiniz kimi, bu görüşün də keçirilməsində bizə kömək edəsiniz”.
Belarus Prezidenti deyib: “Mənim bundan xəbərim var. Bir neçə dəqiqə bundan əvvəl Pyotr Poroşenko mənə zəng vurmuşdu”.
“Sizi əmin edirəm ki, Donetskdə, Donbasda, Ukraynada olan adamlar bizim üçün özgə deyil, onların düşdüyü vəziyyətdən çıxmaları üçün Belarusda nə mümkündürsə edəcəyik”, - deyən Aleksandr Lukaşenko daha sonra bildirib: “Minskdə keçiriləcək tədbirlərə görə narahat olmaya bilərsiniz. Biz hər şeyi təşkil edəcəyik, gəlin”.
V.Putin Ukraynada böhranın tənzimlənməsinə yönəlmiş tədbirlərə görə də A.Lukaşenkoya təşəkkürünü bildirib.
Mənbə:> AzərTAc