Həbsdəki general istintaqda azərbaycanlı oliqarx-milyarderlərin adını çəkdi
Rusiya Daxili İşlər Nazirliyinin iqtisadi cinayətkarlığa və korrupsiyaya qarşı mübarizə Baş idarəsinin keçmiş rəisi, 2014-cü ilin mayında həbs olunan general-leytenant Denis Suqrobovun işi üzrə istintaq materialları yayılıb.
Virtualaz.org xəbər verir ki, general ifadəsində Moskvadakı nəhəng “Food City” topdansatış ərzaq bazasının sahibləri, Azərbaycan əsilli milyarderlər Qod Nisanovun və Zarah İliyevin də adını çəkir. Onların əvvəllər həmin topdansatış bazasının yerində fəaliyyət göstərən “Lotos” ticarət mərkəzinin sahiblərinə qarşı cinayət işi sifariş verdiyini deyir.
Denis Suqrobov ifadəsində deyir ki, 2013-cü ilin sonlarında Prezident Administrasiyasının əməkdaşı Artur Zavalunov onun başçılıq etdiyi Baş idarəyə gəlib. Məqsəd gənc general Suqrobovla DİN-in İstintaq Departamentinin o vaxtkı rəhbəri Yuri Alekseyevin arasında münasibətləri qaydaya salmaq idi.
“2013-cü ilin sonlarında Zavalunov Alekseyevin xahişi ilə mənim iş yerimə gəldi. O, Alekseyevin tabeçiliyində olanların məni və idarəmin əməkdaşlarını qanunsuz bank fəaliyyəti ilə bağlı qaldırılmış cinayət işlərinin təhqiqatı ilə bağlı uydurma əsaslarla nüfuzdan salmaq cəhdlərini araşdırmaq istəyirdi. Söhbət əsnasında Zavalunov bildirdi ki, DİN-in İqtisadi Təhlükəsizlik Departamentinin rəhbəri, general Andrey Xorev Moskva və Moskva vilayəti üzrə DİN-in Baş idarəsinin iqtisadi cinayətkarlığa qarşı mübarizə İdarəsinin əməkaşları vasitəsilə “Lotos” ticarət kompleksinin ərazisində kontrafakt malların satışına dair cinayət işinin qaldırılmasını təşkil edib. Hansı ki, bu ticarət mərkəzinin sahibi Zavalunovun və bilavasitə Xorevin tanışı Arkadi Rotenberq idi. Zavalunov bildirdi ki, həmin cinayət işinin sifarişçiləri “Yevropeyskiy” ticarət mərkəzinin sahibləri Qod Nisanov və Zarah İliyevdir. Onlar “Lotos”u öz maraqlarına uyğun ələ keçirmək istəyirlər”-generalın ifadəsində bildirilir.
Xatırladaq ki, “Lotos” ticarət kompleksinin ərazisində nəhəng “Food City” topdansatış bazası inşa olunub və Moskvanın ərzaq təchizatını bu baza faktiki inhisara alıb. General Denis Suqrobov korrupsiya və rüşvət ittihamı ilə FTX əməkdaşları tərəfindən həbs edilib. O, mütəşəkkil cinayətkar qruplaşdırma formalaşdırmaqda ittiham olunur. Suqrobov, başçılıq etdiyi idarənin 12 əməkdaşının həbsindən sonra işdən çıxarılıb.
FTX bəyan etmişdi ki, general Suqrobov Saratov vilayətində, Volqa çayı sahilində həbs olunub və o, Xəzər dənizindən keçərək Azərbaycana qaçmaq istəyirdi.
FTX-nin əməliyyat məlumatlarına görə, general Volqa çayı ilə Xəzər dənizinə qədər üzməyi, oradan isə kater kirayə edərək Azərbaycana üzüb getməyi planlaşdırıbmış. Generalın vəkilləri isə bu iddianı təkzib edib, Suqrobovun ailəsi ilə birlikdə Volqa çayının sahilinə balıq tutmağa getdiyini deyiblər.
Mənbə:> Virtualaz.org