“Washington Times” Azərbaycandan yazdı » AzNews.info -Xəbər portalı

“Washington Times” Azərbaycandan yazdı

“Washington Times” Azərbaycandan yazdı


ABŞ-ın nüfuzlu “Washington Times” qəzetinin 29 yanvar sayında Azərbaycandan bəhs edən toplu məqalələrin yer aldığı xüsusi buraxılış dərc olunub.

Oxu.Az xəbər verir ki, “Müstəqilliyini bərpa etdikdən 25 il sonra ABŞ-ın çiçəklənən müttəfiqi” başlığı altında dərc olunan məqalələr toplusunda yer almış yazıların müəllifləri arasında Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının İdarə Heyətinin sədri, ABŞ Respublikaçılar partiyasının tanınmış xadimi Den Berton, ABŞ Nümayəndələr palatasının üzvləri Rendi Veber və Robert Aderholt, senator, “Caspian Group Holdings”in rəhbəri Rob Sübhani, tanınmış tədqiqatçı Aleks Vatanka və digərləri var.

ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə işıq üzü görən bu məqalələrdə Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət, ölkəmizin turizm potensialından danışılır, Azərbaycan və ABŞ arasında mövcud olan müttəfiqlik münasibətlərinin tarixindən və gələcək perspektivlərindən bəhs edilir.

Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri Elin Süleymanov yazısında Azərbaycan xalqının 20 Yanvar faciəsindən başıuca çıxaraq, azadlıq və müstəqilliyə doğru can atması və bu tarixi nailiyyətə yetişməyini vurğulayır.

O, eyni zamanda dözümlülük dəyərlərinə sadiq Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi altında cəmiyyətin müxtəlif üzvi hissələrinin möhkəm birliyini təmin edən ənənələrin davam etdirildiyini göstərir.

BŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının İdarə Heyətinin sədri, respublikaçı Den Berton yazır ki, 23 illik qısa müstəqillik dövrü ərzində Azərbaycan Amerika Birləşmiş Ştatlarının yaxın dostu və regionda stabilləşdirici güc qismində çıxış edib.

Məqalədə qeyd olunur ki, Rusiya və İranla sərhəddə yerləşməsi və bu dövlətlərin siyasəti Azərbaycanı daha vacib edir:

“Bizim Azərbaycanla münasibətlərə dəyər verməyimiz üçün bir çox digər səbəblər də var. Azərbaycan tolerantlıq və anlayış nümayiş etdirən və əhalisinin 96 faizi müsəlman olan bir ölkədir. İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz ABŞ-a səfəri zamanı bildirib ki, Azərbaycandakı tolerantlıq dünya üçün bir nümunədir. Tolerantlıq bütün millətlər üçün davam etməkdə olan öyrənmə prosesidir, lakin 23 illik müstəqilliyi ərzində Azərbaycan bu sahədə çox güclü addımlar atıb”.

Yazıda bildirilir ki, Azərbaycanın iqtisadiyyatı güclüdür və aparılan iqtisadi siyasətin əsas məqsədi əhalinin yaşayış səviyyəsini yüksəltmək və gələcək nəsil üçün daha yaxşı həyat təmin etməyə yönəlib:

“Azərbaycan həmçinin NATO-nun tərəfdaşı, İsrailin güclü hərbi və iqtisadi tərəfdaşı, Avropa Şurasının üzvü, 2011-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq ictimaiyyətə inteqrasiya olunub. Azərbaycan və Birləşmiş Ştatlar ortaq dəyərlərə söykənən güclü tərəfdaşlıq qurub və bu, Azərbaycanın Cənubi Qafqaz regionunda tərəfdaş və lider ölkə olması kimi qiymətləndirilməlidir.

Azərbaycan və ABŞ ümumi dəyərləri və məqsədləri çərçivəsində eyni problemlərlə üzləşirlər, bu səbəbdən də ABŞ rəsmiləri bu ölkəni dini tolerantlıq, azadlıq və demokratiya kimi öhdəliklərinə görə təbrik etməlidir. Amerika və azad dünyanın digər ölkələrinin Azərbaycan kimi dosta çox ehtiyacları var”.

Məqaləsində Azərbaycanın hansı səbəblərdən ABŞ üçün əhəmiyyət kəsb etdiyi sualına cavab gətirməyə çalışan Rendi Veber ölkəmizin mühüm geosiyasi mövqeyini önə çəkərək, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni qeyd edir, hərbçilərimizin beynəlxalq sülhməramlı qüvvələrdə iştirakını təqdir edir və Əfqanıstanda ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlığımızı vurğulayır. Konqresmen Veber fəal şəkildə ABŞ-ın Azərbaycanla münasibətlərinin gücləndirilməsindən bəhs edir.

Azərbaycanı ABŞ-ın strateji müttəfiqi kimi xarakterizə edən Robert Aderholt öz növbəsində Avrasiya məkanında onun malik olduğu əhəmiyyəti şərtləndirən amilləri Amerikan oxuyucularının diqqətinə çatdırır. Azərbaycana səfərləri və o cümlədən Azərbaycan prezidenti İlham Əliyev ilə görüşünü xatırladan konqresmen inanır ki, daha sabit və firavan Azərbaycan müvafiq olaraq daha sabit və firavan Cənubi Qafqaz üçün ümid verir.

Daha sonra məqalələr toplusunda Rob Sobhani ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycanın xüsusilə İlham Əliyevin prezidentliyi dövründə əldə olunmuş uğurlara nəzər salır.

Aleks Vatanka isə bir az fərqli rakursdan çıxış edərək, ABŞ-ı Azərbaycana münasibətdə daha ardıcıl siyasət yürütməyə çağırır.

Cənub Qaz Dəhlizi Avropada və onun hüdudlarından kənarda ABŞ-ın müttəfiqi olan dövlətlərin regional enerji təhlükəsizliyinə yardım edəcək, deyə, ABŞ Konqresinin üzvü Maykl Terner yazır.

“Cənub Qaz Dəhlizi Avropada və Avrasiyadakı müttəfiqlərimizin regional enerji təhlükəsizliyinə yardım edəcək, eləcə də strateji tərəfdaşlarımızın möhkəmlənməsinə kömək edəcək. Bizimlə müttəfiq olan ölkələrin bir çoxu bir ölkədən və ya qeyri-sabit regionlardan qaz tədarükündən asılıdır. Müttəfiqlərimizin alternativ və etibarlı mənbələrdən enerji resursları idxalının əlçatanlığının təmin olunması regionda geosiyasi sabitliyi yüksəltməyə yardım edir”, - deyə, Terner bildirib.

Müəllifin sözlərinə görə, Azərbaycan Amerikanın strateji müttəfiqləri tərəfindən həyata keçirilən terrorla mübarizədə və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə təşəbbüslərlə bağlı Birləşmiş Ştatların mühüm tərəfdaşı qalmaqda davam edir.

Terner qeyd edib ki, Azərbaycan özünün nəhəng neft və qaz ehtiyatları ilə ABŞ-ın NATO üzrə strateji tərəfdaşları və digər Avropa ölkələri üçün enerji resurslarının idxalının şaxələndirilməsinin təmin olunmasında kömək göstərməkdə vacib rol oynayır.

Məqalədə deyilir ki, Cənub Qaz Dəhlizi Avropaya karbohidrogenlərin idxalı mənbələrini şaxələndirməyə və enerji təhlükəsizliyini yüksəltməyə, Azərbaycana isə Avropanın şəxsində yeni bazar əldə etməyə imkan verəcək. Cənub Qaz Dəhlizinin açılması üçün məhz Azərbaycan qazı nəzərdə tutulub.

Azərbaycan barədə bu xüsusi buraxılışda həmçinin “Washington Times” qəzeti vasitəsilə ABŞ ictimaiyyətinə Azərbaycanın I Avropa Oyunları kimi tarixi hadisəyə ev sahibliyi edəcəyi barədə məlumat verilir, qarşıdan gələn bu Oyunların uğurla keçməsi üçün görülən fəaliyyətlərə istinad edilir və nəzərdə tutulan yarışlardan qısaca söz açılır.

Bundan əlavə, buraxılışda ölkəmizin turizm potensialı, o cümlədən Şahdağ Turizm kompleksi, Tovuz şəhəri və habelə yəhudi icmasının məskunlaşdığı Quba rayonunun “Qırmızı Kənd” qəsəbəsi haqqında maraqlı yazılar yer alır və turistləri Azərbaycana səfər etməyə sövq edəcək 10 mümkün səbəb sadalanır. Həmçinin “Azərbaycan Hava Yolları” QSC-in genişlənən beynəlxalq fəaliyyəti və yeni uçuşlar, xüsusilə Bakı və Nyu-York arasında birbaşa hava əlaqəsi barədə yeniliklər bölüşülür.

Qeyd edək ki, Azərbaycan-Amerika Alyansı Anar Məmmədov tərəfindən təsis edilmiş qeyri-kommersiya təşkilatı olub ABŞ-da fəaliyyət göstərir və bu ölkədə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, təhsili, idmanı, iqtisadiyyatını təbliğ edir.

Alyans akademik müzakirələr, mədəni proqramlar və siyasi söhbətlər vasitəsilə Azərbaycanla Amerika arasında davamlı tərəfdaşlığın təşviqi ilə məşğul olan əsas təşkilata çevrilmək niyyətindədir.

Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə müntəzəm olaraq, ABŞ-ın aparıcı mətbu orqanlarında ölkəmizin tarixindən, ictimai-siyasi həyatından, iqtisadi potensialından bəhs edən silsilə yazılar dərc olunur. Bundan başqa, Alyans Azərbaycan xalqının böyük faicəsi olan Xocalı soyqırımının Amerikada tanıdılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir.

Yuxarıda haqqında bəhs edilən məqalələrlə bu internet ünvanında ətraflı şəkildə tanış olmaq mümkündür: http://www.washingtontimes.com/specials/azerbaijan-quarter-century-restoring-independence/

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *