ABŞ Azərbaycana dəstək verməyə hazırdır
ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü münasibətilə bəyanat yayıb.
Oxu.Az-ın məlumatına görə, bəyanatda deyilir:
“Azərbaycan Respublikasının müstəqilliyinin 25-ci ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirik. Amerika Birləşmiş Ştatları Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və ölkəmiz o vaxtdan bəri birgə qurduğumuz səmimi dostluğu yüksək dəyərləndirir.
Azərbaycan müstəqilliyinin 25 ilində böyük nailiyyətlər əldə edib. Biz ifadə azadlığını, siyasi iştirakı, qanunun aliliyini təbliğ etmək, iqtisadi inkişafı gücləndirmək, terrorizmlə mübarizə aparmaq və Azərbaycan vətəndaşlarının hüzurlu, sabit gələcəyini təmin etmək tədbirlərinə dəstək vermək məqsədilə birgə çalışmağa davam etməyə hazırıq.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasında vasitəçilik roluna sadiq qalır. Əsrin dörddə biri qədər mövcud olan müstəqilliyin bu əlamətdar ildönümü münasibətilə amerikalılar azərbaycanlılara ən xoş arzularını çatdırır”.
Mənbə:> Oxu.az