İsrail Bakıda ən müasir hərbi texnikasını göstərəcək
İsrail Müdafiə Nazirliyinin ixrac şöbəsi (SİBAT) bu ölkənin hərbi sənaye müəssisələri ilə əməkdaşlıq şəraitində ən yeni silah və hərbi texnika nümunələrini bu ay dünya bazarlarında, o cümlədən Bakıda keçiriləcək müdafiə sərgisində təqdim edəcək.
Oxu.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda SİBAT-ın rəhbəri, ehtiyatda olan briqada generalı Mişel Ben-Barux bildirib.
Xəbərə görə SİBAT bu ay Polşada keçirilən hərbi sənaye sərgisində iştirak edib. Polşada keçirilən sərgi NATO üzvü olan Şərqi Avropa ölkələrinin öz silahlı qüvvələrini modernləşdirmək üçün yeni silah və hərbi texnika nümunələri ilə tanış olmaq baxımından mühümdür.
General bildirib ki, bu ayın sonlarında Bakıda da müdafiə sərgisi açılacaq və orada artıq ikinci dəfədir İsrail hərbi sənaye müəssisələri də iştirak edəcək. Sərgidə İsrail müdafiə sənayesinin ən yeni məhsullarının nümayiş etdiriləcəyi gözlənilir. SİBAT-ın iştirak edəcəyi növbəti sərgi isə Filippində olacaq. “Bütün dünyada müdafiə sənayesi müəssisələri Şərqi Avropa və Sakit okean hövzəsi ölkələrinə öz məhsullarını satmağa çalışır. Bunlar yeni və inkişaf etməkdə olan bazarlardır”-Mişel Ben-Barux deyib.
Generalın sözlərinə görə, SİBAT bu ay ərzində keçiriləcək sərgilərdə robot texnikası, idarəetmə və nəzarət, kibernetika və pilotsuz sistemlər sahəsində ən yeni məhsullar nümayiş etdirəcək.
Xatırladaq ki, İsrail Azərbaycanın əsas hərbi-texniki tərəfdaşlarından biridir. Son illərdə bu ölkədən ən müasir texnologiyalara əsaslanan müxtəlif silah sistemləri alınıb. Aprel döyüşlərində İsrail silahları öz effektivliyini sübut edib.
Mənbə:> Oxu.az