Oqtay Əsədov Fransaya səfər edəcək
Sentyabrın 14-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasına üzv ölkələrin parlament sədrlərinin görüşündə iştirak etmək üçün Fransaya səfər edəcək.
Bu barədə Oxu.Az-a Milli Məclisin mətbuat xidmətindən bildirilib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslər daxildir.
AŞPA-nın mənzil-qərargahında keçiriləcək görüşdə Avropada miqrasiya və məcburi köçkün böhranı; milli parlamentlər və Avropa Şurası: demokratiya, insan hüquqları və qanunun aliliyinin təşviq edilməsi; inklüziv və qeyri-irqçi cəmiyyətlərdə nifrətə qarşı parlamentarilərin səfərbərliyi mövzularında müzakirələr aparılacaq.
Səfər çərçivəsində Milli Məclis Sədrinin AŞPA-nın rəhbərliyi və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər sentyabrın 16-da başa çatacaq.
Mənbə:> Oxu.az