Helikopter bəyanatı
Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın təmas xəttində helikopterin vurulması fikrinə münasibət bildirib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildirilib ki, 2014-cü ilin noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus döyüş helikopterin məhv edilməsi ilə bağlı Seyran Ohanyanın etirafı bir daha onu təsdiq edir ki, bu aviasiya vasitəsi Ermənistanın Hərbi Hava Qüvvələrinə aid olub:
"S.Ohanyan insidentlə bağlı səlahiyyətli şəxslərin cəzalandırıldığını, vəzifələrindən azad edilənlərin olduğunu, o cümlədən helikopterin müəyyən olunmuş kursdan kənara çıxdığını etiraf etməklə hadisədən dərhal sonra guya helikopterin Ermənistana deyil işğalçı rejimə aid olması ilə bağlı səsləndirilən fikirləri tamam alt-üst edib.
Ermənistan müdafiə nazirinin bu bəyanatı Azərbaycan tərəfinin helikopterin hansı ölkəyə mənsub olması, kimlər tərəfindən idarə edilməsi və Silahlı Qüvvələrimizin mövqelərinə hücum etməsi ilə bağlı verilən xəbərin doğruluğunu bir daha təsdiq edir".
Mənbə:> ANSPRESS