Türkiyədə hərbi çevrilişin qarşısının alınmasında medianın rolu...
4 il öncə ABŞ-da olanda ölkə vətəndaşlarına ən çox verdiyim sual belə olmuşdu: Siz hansı partiyanı dəstəkləyirsiz? Demokrat yoxsa respublikaçılar. Və birmənalı şəkildə deyə bilərəm ki, bütün söhbətləşdiyim sakinlər “biz ilk növbədə amerikalıyıq, siyasi mənsubiyyətimizi isə yalnız 4 ildən 1 seçikilərdə bildiririk, bizim üçün ən əsası dövlətimizin var olmasıdır” cavabını vermişdilər. Xoşbəxtlikdən illər öncə yaşadığım bu hisləri bu günlərdə - qardaş Türkiyədə baş verən hərbi çevrilişə cəhd zamanı bir daha şahid oldum. Türk xalqının nə qədər böyük olduğunu və dövlətinə ən az amerikalılar qədər sahib çıxdığını gördüm.
Heç şübhəsiz ki, 15 iyul tarixi Türkiyə siyasi tarixinə yazılan günlərdən oldu və biz də həmin tarixi canlı yaşamağımızı gələcək nəsillərə qürurla danışa biləcəyik. Mənə görə Türkiyədə hərbi çevrilişin qarşısını alan bir neçə məqam oldu. Bunlar aşağıdakılar oldu:
1. Türk xalqının iradəsi
2. Xalqın hərbi çevrilişlərdən çəkdikləri
3. Türkiyənin parçalanmasında xarici qüvvələrin maraqı
4. Erdoğanın xalq içində olan şəxsi nüfuzu
5. Siyasi partiyaların və xalqın dövlətə dəstəyi
6. Və ən nəhayət media
Sadaladığım ilk 5 bənd haqda mətbuatda çox yazılıb, politoloqlar, siyasət adamları şərhlərini veriblər, təkrarçılıq olmasın deyə onları xatırlatmaq istəmirəm.
Bu məsələdə medianın və sosial şəbəkələrin rolunu xüsusi qeyd etmək lazımdır. Əslində, çevrilişə cəhd bir növ medianın da sınağı oldu. Bu günə qədər bütün dünyada inqilabların, çevrilişlərin episentri rolunu oynayan sosial şəbəkələr bu dəfə dövlətin və dövlətçiliyin qorunmasında misilsiz rol oynadı.
Bir müddət öncə Türkiyədə "facebook", "twitter" qadağası qoyan prezident Recep Tayyip Erdoğanın 15 iyul tarixində ən böyük silahı məhz bu sosial şəbəkələr oldu: Özü skype ilə canlı yayıma qayıldı, sözlərini də sosial mediada yaydı ilk olaraq, xalq da sosial şəbəkələrdə təşkilatlanıb, meydanlara çıxdı. Qiyamçılar isə təkcə TRT-ni işğal etməklə xalqı təşvişə salacaqların zənn edirdilər, onlar internet medianın gücündən xəbərsiz idilər. Belə ki, TRT-nin Silahlı Qüvvələr tərəfindən zəbt olunduğu ilk olaraq sosial mediada yayıldı və xalq məhz bu çağırışdan sonra sakitləşib, meydanlara çıxdı.
TRT-dən söz düşmüşkən Türk Silahlı Qüvvələri tərəfindən məcburən efirə çıxarılan və onların bəyanatını səsləndirən teleaparıcı Tijen Karaşa xalqın sahib çıxması, bir neçə dəqiqə ərzində minlərlə insanın TRT binası önünə toplaşması bir daha xalqın televiziyalara inamının göstəricisi oldu, vətəndaşlardan birinin “Mən bura sizinlə bir yerdə ölməyə gəldim, Tijen hanım. Efirdə sizi izləyərkən nələr hiss etdiyinizi gördüm və bu səbəbdən bura gəldim” deməsi siravi insanların da nə qədər dövlətə və dövlətçiliyə bağlı olduğunun sübutu idi.
Bu son hadisələrdə Türkiyə televiziyaları və internet mediası da bu məsələdə bir yumruq kimi birləşməyi bacardı. Adi zamanlarda iqtidara qarşı ən radikal mövqe tutan TV-lər də üsyançılara dəstək vermədi, onların oyununa gəlmədi. Bir anlıq təsəvvür edin ki, xalq içində nüfuzu olan və Erdoğan iqtidarına radikal mövqede duran media maqnat Aydın Doğanın rəhbəri olduğu TV-lər xalqa deyir ki, evdən bayıra çıxmayın, bu ordumuzun qürur savaşıdır, lütfən onlara dəstək olaq. O zaman qardaş ölkədə nələr olacağını düşünmək belə qorxuludur.
Son olaraq təəsüfləndirici bir məqamı da qeyd edim ki, bu olaylarda Azərbaycan sosial şəbəkələrində çox qəribə aqressiya hiss olundu. Xüsusən də, Erdoğansevərlər və ona qarşı olanlar arasında baş tutan təhqirlər, mübahisələr heç də xoş olmadı Qardaş Türkiyənin bir olduğu və demokratiyanın qələbəsini bayram etdiyi bir anda bizim aktiv facebook istifadəçiləri bir-birlərini öldürmək həddinə gəlib-çatdı.
Ümumilikdə, 15 iyul hadisəsinin qısa məzmunu isə belə olmalıdır: Türkiyə dövlət çevrilişinə xalqın ayağa qalxmasıyla qalib gəldi. Xalq Türkiyə dövlətçiliyi üçün şüurlu surətdə meydanlara çıxdı və demokratik hakimiyyətini qoruyub saxladı. Bu, türk xalqının Ərdoğana böyük etimadıdır. Hökumət bundan sonra atacağı addımları ciddi ölçüb-biçməlidir, çünki xalq siyasi mövqeyini arxa plana atıb, dövlətin ətrafında birləşdi və göstərdi ki, xalq bir şeyi istəməzsə, dünya da gəlsə onu dəyişmək mümkün olmaz. Tanrı Türkü və türk dünyasını qorusun.
Hacıbəy Heydərli
Mənbə:> Azxeber.com