Azərbaycanın hakim partiyası: Türkiyə dövlətinin yanındayıq
“Azərbaycan xalqı, siyasi qüvvələri Türkiyə dövlətinin, türk xalqının yanındadır”.
AzNews.info xəbər verir ki, bunu Report-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
S.Novruzov Türkiyədə baş verən hərbi çevrilişə cəhdin yolverilməz olduğunu bildirib.
O qeyd edib ki, Türkiyə Azərbaycana qardaş dövlətdir:
“Orada baş verənlər bizi narahat edir. Türkiyədəki hadisələr Azərbaycanda diqqət mərkəzindədir”.
YAP rəsmisi əlavə edib ki, baş verənlərin səbəblərini və bunda günahı olanları istintaq orqanları araşdırıb ortaya çıxarmalıdır:
“Türkiyə tarixində bir neçə dəfə belə hadisələr olub. Artıq zaman dəyişib. Yəni, hər bir xalqın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyədə seçki olub, xalq öz seçimini edib, hakimiyyət formalaşıb. Heç bir ölkədə, o cümlədən Türkiyədə hakimiyyətin zorla dəyişdirilməsi yolverilməzdir”.
Qeyd edək ki, iyulun 15-də axşam saatlarında bir qrup hərbçi Türkiyədə çevrilişə cəhd göstərib. Ankarada baş verən toqquşmalarda 70-ə yaxın insan həlak olub. Çevrilişə cəhd göstərən 754 nəfər saxlanılıb.
Mənbə:> Report