Lukaşeviç: Qarabağa sülhməramlıların göndərilməsi müzakirə edilmir
Hazırda Dağlıq Qarabağ münaqişəsi zonasına sülhməramlıların göndərilməsi məsələsi müzakirə olunmur.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
“Hələ ötən əsrin 90-cı illərindən bu yana Dağlıq Qarabağ münaqişəsi zonasında sülhməramlı əməliyyatlar konsepsiyası ilə bağlı iddialar var. Amma bu, nizamlanmanın yekun mərhələsidir.
Hələlik isə problem nizamlanmadığından belə bir ideya da yaranmır. ATƏT Katibliyi çərçivəsində, belə desək, yüksək səviyyəli planlaşdırma qrupu işləyir. Bu qrup Dağlıq Qarabağ münaqişəsi zonasında ATƏT-in himayəsi altında bütün fərziyyəvi sülhməramlı əməliyyatların mümkün sxemi üzərində mütəmadi işləyir, onlara adaptasiya olunur”, - diplomat bildirib.
“Qrup ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin ofisi, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sıx əməkdaşlıq edir, tez-tez yerlərdə olur. Adaptasiya dedikdə, məkanların bir daha nəzərdən keçirilməsi və sülhməramlıların mümkün yerləşdirilməsi variantları nəzərdə tutulur.
Yekun bənd nizamlanma prinsiplərinin razılaşdırılmasıdır. Bundan sonra tərəflər sülhməramlı əməliyyatın elementlərinı razılaşdırırlar. Lakin bu, çox uzaq perspektivdir və tərəflərin nizamlanma prinsipləri ilə bağlı razılaşmasının olmadığnı nəzərə alanda, hələ ki, nəzəri məsələdir”, - Lukaşeviç vurğulayıb.
Bundan başqa, onun sözlərinə görə, bu ideya ATƏT üçün böyük çağırış olacaq:
“Çünki ATƏT heç vaxt sülhməramlı əməliyyatlarla məşğul olmayıb”.
Mənbə:> Oxu.Az