Bu gün Azərbaycan, Rusiya və Ermənistan prezidentləri görüşürlər
Rusiya prezidenti Vladimir Putin bu gün Sankt-Peterburqda Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcək.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun bundan öncə bildirdiyinə görə, Putinin əvvəlcə İlham Əliyev və Serj Sarkisyanla ayrı-ayrılıqda görüşəcəyi, ardınca isə üç prezidentin birlikdə danışıqlar aparacağı ehtimal olunur.
Uşakov qeyd edib ki, Kreml bu münaqişənin nizamlanmasında tərəflərə yardım göstərmək üçün fəal addımlar atır.
“İndi biz öz vasitəçi missiyamızı, təbii ki, ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə tam qarşılıqlı fəaliyyət çərçivəsində Rusiya, ABŞ və Fransa prezidentlərinin 2009-2013-cü illərdə verdikləri bəyanatlara müvafiq olaraq təklif olunan prinsiplər əsasında davam etdirəcəyik”, - deyə Uşakov bildirib.
Bu prinsiplərdə, xüsusilə Qarabağ probleminin həllində güc tətbiqinin yolverilməz olduğu bildirilir.
Mənbə:> Oxu.Az