İlham Əliyev AŞPA həmməruzəçilərini qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev iyunun 15-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
Oxu.Az-ın məlumatına görə, həmməruzəçilər Bakıda keçiriləcək Formula-1 yarışlarının beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyini vurğulayıblar.
Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığa toxunan qonaqlar bu əməkdaşlığın uğurla inkişaf etdiyini diqqətə çatdırıblar. Həmməruzəçilər “Məhkum olunmuş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan prezidentinin Sərəncamının və "Amnistiya aktı haqqında" qanunun qəbul edilməsinin Avropa Şurası tərəfindən alqışlandığını deyib, bunların önəmini vurğulayıblar.
Dövlət başçısı Azərbaycanla Avropa Şurası arasında uzun illər səmərəli və konstruktiv əməkdaşlığın həyata keçirildiyini bildirib, əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatın ən fəal üzvlərindən biri olduğunu deyib, əməkdaşlığın bundan sonra da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə:> Oxu.Az