Azərbaycan və Türkiyə orduları Ermənistanla sərhəddə – FOTO
Azərbaycan Müdafiə Nazirliyi Qars şəhərində keçirilən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin təlimlərinin görüntülərini yayıb.
Oxu.Az xəbər verir ki, təlimdə Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Ordu komandanı general-leytenant Kərəm Mustafayev və Türkiyə Respublikasının Üçüncü Ordu komandanı ordu generalı İsmail Serdar Savaş iştirak edirlər.
1200-dən artıq şəxsi heyətin iştirakı ilə keçirilən döyüş atışlı taktiki təlimin əsas məqsədi Silahlı Qüvvələr arasında təcrübə mübadiləsini reallaşdırmaqla qarşılıqlı əlaqələri inkişaf etdirmək, qərargahlarda müştərək planlaşdırma fəaliyyətlərini yoxlamaq, hərbi bölmələrin hazırlığını və əməliyyatları icra etmək qabiliyyətini yüksəltməklə onların uyarlılığına nail olmaqdır.
Eyni zamanda təlimə ilk dəfə olaraq müşahidəçi qismində Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri də qatılıblar.
Qeyd edək ki, təlimlərin keçirildiyi Türkiyənin Qars vilayəti Ermənistanla həmsərhəddir.
Mənbə:> Oxu.Az