Erməni polisdən “küçük” hədəsi
"Mən hakimiyyətə qarşı çıxan istənilən küçüyün qulağını kəsəcəm". Bu sözlər Ermənistan polisinin rəis müavini Lyova Yeranosyana məxsusdur. İki ay qabaq isə onun birbaşa rəisi də təhdidlə çıxış eləyib mitinq edənlərə buzlu duş vədi verirdi.
Təbii ki, polis rəislərinin bu cür sözləri və əməlləri Ermənistan ictimaiyyətini ciddi narahat edib. Bəzi politoloqlar hətta ehtimal edirlər ki, polis rəisinin müavini hakimiyyəti tənqid edənləri yatırmaq üçün daxili qoşunlardan istifadə edə bilər.
Parlamentin deputatı Ruben Akopyan isə bəyan edib ki, polisi heç zaman xalqa qarşı istifadə etmək olmaz. "Mən həmişə polislə xalqın müharibəsinin əleyhinə olmuşam", - deyə o vurğulayıb. Deputat sanır ki, bu yüksək çinli polis məmuru dərhal tutduğu vəzifədən azad edilməlidir.
Başqa deputat Qaqik Cahangiryan isə xüsusi mətbuat konfransı keçirərək bəyan edib ki, polis bununla ictimaiyyəti qorxudaraq öz hüquqları uğrunda vətəndaş mübarizəsindən çəkindirməyə çalışır. Onun dediyinə görə, polis bunun üçün hər şeyə gedir. Deputat deyib ki, müxalifət təmsilçilərini döyürlər, onların fərdi avtomobillərini yandırırlar, onlara divan tuturlar.
Bu Cənubi Qafqaz respublikasında baş verənlərlə bağlı narahatlığını Avropa Birliyinin İrəvanda olan nümayəndə heyəti də ifadə edib. O, ölkə hakimiyyətindən tələb edib ki, vətəndaş fəallığına qarşı zorakılıq tətbiq edənləri məsuliyyətə cəlb etmək üçün təcili və həlledici addımlar atılsın.
Maraqlıdır ki, nə başqa beynəlxalq hüquq müdafiəsi təşkilatları, nə də insan haqlarının əsas prioritetlərindən biri olduğunu iddia edən ABŞ Ermənistanda baş verənlərə münasibət bildirməyib. Görünür, Amerikanın Ermənistana xüsusi münasibəti var. Bu ölkəyə istənilən əməli tutmağa icazə verirlər. Onlara qarət etmək, öldürmək, başqalarının torpaqlarını ilhaq etmək və hətta öz xalqına divan tutmaq icazəsi verilib.
Mənbə:> ANSPRESS