Banklardan ŞOK CAVAB: “Tərtər işğal olunacaq, kredit verə bilmərik” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Sosial

Banklardan ŞOK CAVAB: “Tərtər işğal olunacaq, kredit verə bilmərik”

Banklardan ŞOK CAVAB: “Tərtər işğal olunacaq, kredit verə bilmərik”


İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq cəbhəyanı rayonlarda sahibkarlarla görüş keçirilir, onlara güzəştli kredit əldə etməsi üçün yardım göstərilir

Lakin cəbhəyanı rayonların sahibkarları güzəştli kreditləri heç də asanlıqla əldə edə bilmirlər və ya buna çox zaman maneə yaradırlar.

Belə ki, bir müddət öncə Tərtər rayonunda sahibkarla görüş zamanı onlar kredit əldə etmələri üçün təklif səsləndiriblər. Dövlət qurumundan onlara bildirilib ki, yaxınlıqdakı rayonların banklarına gedib güzəştli kredit ala bilərlər. Tərtər rayonun İsmayılbəyli kəndində yaşayan Teyyub Səfərzadə növbəti gün Bərdə rayonuna gedib kredit almaq istəsə də, istəyi baş tutmayıb. Ona bildirilib ki, krediti yalnız Bakıdan əldə edə bilər. Belə ki, sahibkar 15 min manatlıq kredit üçün 100 min manat dəyərində girov qoymaq istədiyini bildirsə də krediti əldə edə bilməyib.

Bununla bağlı adı çəkilən sahibkar və digərlərindən çoxlu sayda şikayətlər daxil olub.

Sahibkar Teyyub Səfərzadə açıqlamasında bildirib ki, işi ilə bağlı bankların Bərdə filiallarına dəfələrlə müraciət etsə də nəticə olmayıb.

“Mənə banklardan deyirlər ki, Tərtəri ermənilər işğal edəcək. Evimin, torpağımın sənədini verirəm, evimi də, fermamı da çəkiblər. Cavab olaraq bildirsəm də Tərtər heç vaxt işğal olunmayacaq, deyirlər ki, Tərtərə pul verə bilmərik. 4 aydır gedirəm gedirəm məni geri qaytarırlar. “Accesbank”, “Nikoil” banklarının Bərdə filiallarına müraciət etmişəm. Sanki bu ölkə vətəndaşı deyiləm kimi mənimlə rəftar edirdilər.

Özümə də dedilər ki, Tərtərə pul verə bilmərik. “Tərtəri ermənilər işğal etsə pulu kimdən alacağıq?” deyirlər. Axırıncı dəfə bir ay bundan öncə “Parabank”ın Bərdə filialına müraciət etmişəm, onlar gəlib evimi, fermamı çəkdi və mənlə bir insan kimi davrandılar”.

T.Səfərzadə Sahibkarlara Kömək Milli Fonduna müraciət etdiyini də qeyd edib. “Fondun icraçı direktoru Şirzad Abdullayev 20 gün öncə rayona gəlmişdi, orada çıxış etdim. Sənədlərimin qaydasında olduğunu deyib, mənə kömək edilməsini bildirdi. Amma banklara gedirəm, mənə heç biri yaxın durmur.

Bircə Parabank”a ümidim qalıb. Onlar evimi, fermamı çəkəndə dedilər ki, sənə kredit düşür. 100 min dollarlıq evə, fermaya pul xərcləmişəm, evin çıxarışına isə dövlət 11 min manat qoyub. Amma mənə 15 minlik krediti vermirlər”.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a açıqlamasında bildirib ki, ilk növbədə hər bir sahibkarın güzəştli kredit əldə etməsi üçün müvafiq sənədləri olmalıdır.

Bu sənədlər fiziki şəxslər üçün – biznes plan, Vergilər Nazirliyində vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin və sahibkarın fəaliyyət göstərdiyi yerə və əmlaka dair hüquqlarını təsdiq edən sənədlərin (torpaq sənədləri, icarə müqaviləsi və s.) notarial qaydada təsdiq olunmuş surətləri, hüquqi şəxslər üçün isə yuxarıda qeyd olunan sənədlərlə yanaşı, sahibkarlıq subyektinin nizamnaməsinin və kommersiya təşkilatının dövlət reyestrindən çıxarışının notarial qaydada təsdiq olunmuş surətlərindən ibarətdir.

“Tövsiyə olunur ki, sahibkarlar qeyd olunan sənədlərlə müvəkkil kredit təşkilatlarına rəsmi müraciət etsinlər və onların layihələrinə baxılmasının nəticələrinə dair məlumatı da rəsmi tələb etsinlər. Mövcud qaydalara əsasən, müvəkkil kredit təşkilatları sahibkarın layihəsini maliyyələşdirməkdən imtina edərlərsə 3 gün ərzində sahibkara əsaslandırılmış imtina məktubu verməlidirlər.

Güzəştli kreditlərin alınması proseduru, tələb olunan sənədlər, kreditin alınması üçün lazım olan maksimum müddət və s. bu kimi məsələlər onu deməyə əsas verir ki, dövlətin güzəştli kreditlərindən bəhrələnmək üçün münbit şərait və imkanlar var. Sadəcə hər bir sahibkarın məqsədyönlü fəaliyyəti, kreditlə işləmək bacarığı və biznes risklərini düzgün proqnozlaşdırmaq qabiliyyətinin olması onun sahibkarlıq fəaliyyətində diqqət yetirəcəyi əsas məsələlərdən olmalıdır.

Bundan əlavə, sahibkarlıq subyektləri tərəfindən müvafiq bazar araşdırmalarının aparılması ən vacib məsələlərdən biridir. Başqa sözlə, hər hansı bir məhsulu istehsal etmək hələ hər şey demək deyil.

Əsas məsələ həmin məhsulu sata bilmək bacarığıdır. Hər bir sahibkar istehlakçının tələbini öyrənməli, sonra onun tələbinə, istəyinə, zövqünə uyğun məhsul istehsal etməlidir. Digər tərəfdən sahibkarlıq subyektləri tərəfindən müəyyən məhsul istehsalı üzrə investisiya layihəsini həyata keçirməkdə əsas məqsəd mənfəət edilməsi və dayanıqlı istehsal prosesinə nail olmaqdır”.

A.Əliyev vurğulayıb ki, sahibkar kredit götürəcəyi kredit təşkilatını inandırmalıdır ki, onun şəffaf biznes tarixi var və bu layihəni həyata keçirilməsində hər hansı bir nöqsana yol verməyəcək.

“Yəni, kredit vəsaitinin qaytarılması və layihənin uğurla həyata keçirilməsi qarşıya qoyulmuş əsas məqsəddir. Bu qeyd olunan məsələlər kredit təşkilatları üçün demək olar ki, ən önəmli olan məsələlərdir. Daha doğrusu, sahibkara inam istənilən təminat növündən (girov, qarantiya, zaminlik) etibarlıdır. Güzəştli kreditə təminat olaraq girov qoyulması ilə bağlı Sahibkarlığa Kömək Milli Fondunun hər hansı tələbi yoxdur. Lakin müvəkkil kredit təşkilatları Fondun vəsaitlərini öz riskləri hesabına yerləşdirirlər.

Bu baxımdan kreditin risklilik dərəcəsini azaltmaq məqsədilə müvəkkil kredit təşkilatları sahibkarlıq subyektindən girov tələb edə bilər.

Kreditin təminatı kimi sahibkarlıq subyektinin təklif etdiyi əmlakın və digər təminat formalarının girov götürülməsinin mümkünlüyü müvəkkil kredit təşkilatları tərəfindən müəyyənləşdirilir. Təcrübə göstərir ki, Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən bank olmayan kredit təşkilatları, o cümlədən kredit ittifaqları müsbət xarakterizə olunan sahibkarlara kiçik kreditləri girov tələb etmədən zaminlik əsasında da verirlər”.

Nazirlik rəsmisi bildirib ki, təkcə son 1 ay ərzində Tərtər, Ağcabədi və Goranboy rayonlarında keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forumlar çərçivəsində cəbhəyanı bölgələrdə fəaliyyət göstərən 77 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 536 min manat güzəştli kredit verilib.

“Ümumilikdə isə, ölkənin digər bölgələrində fəaliyyət göstərən sahibkarlarla yanaşı, cəbhəyanı rayonlarda fəaliyyət göstərən sahibkarların müraciətlərinə də həssaslıqla yanaşılır və onların güzəştli kredit tələbi qanunvericiliyə uyğun şəkildə təmin edilir. Digərləri kimi o sahibkara da güzəştli kredit götürməsi üçün kömək edə bilərik”. A.Əliyev vurğulayıb ki, həmin sahibkar kredit alması üçün Sahibkarlara kömək Milli Fonduna müraciət edə bilər. “Əgər bizə müraciət edərsə ona kömək etməyə hazırıq”.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *