Rəfsəncaninin qızı İranda qalmaqal yaratdı
Tanınmış ayətullahın qızının İranda təqib edilən təriqətin qadın başçısının evinə getməsi ölkədə bütpərəst sayılan dini azlıqlarla pis rəftar olunması məsələsini yenidən gündəmə gətirib.
İran mediasının ötən həftə verdiyi xəbərlərdə deyilir ki, keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı, 54 yaşlı Faizə Haşimi bəhayi lideri Fariba Kamalabadi ilə çay süfrəsində görüşüb.
Xanım Kamalabadiyə hazırda 20 illik həbs cəzasından “tətil” verildiyi bildirilir. O, 6 başqa bəhayi lideri ilə birlikdə İsrailə casusluq etməkdə ittiham olunaraq məhkum edilib.
Amerika Birləşmiş Ştatları bu həbsi pisləmiş, bəhayi liderlərinin və İranda dini baxışlarına görə həbs edilmiş başqalarının azad edilməsinə çağırıb.
Atasını hirsləndirib
Mühafizəkar İran ədliyyəsinin nümayəndəsi Qulamhüseyin Möhsün-Ejeyi bu görüşü abırsızlıq və rəzillik adlandırıb. O, müxbirlərə deyib ki, xanım Haşimini məhkəməyə verməyə hazırlaşır.
Xanım Haşimi və Kamalabadi 2013-cü ildə həbsxana kamerasında tanış olublar. O zaman xanım Haşimi sistem əleyhinə təbliğat aparmaqda ittiham edilərək 6 aylıq həbs cəzasına məhkum olunmuşdu.
Faizə Haşimi həmin vaxtdan əvvəl bəhailər haqqında heç bir məlumata malik olmadığını deyib:
“İslam Respublikasının məni həbsxanaya salması onları tanımağıma imkan verdi və mənim həyatımda yeni bir pəncərə açdı”.
“Nyu York Tayms” qəzeti yazır ki, xanım Haşimi İranın tanınmış fəallarındandır və çox vaxt qüdrətli ailəsi onu himayə edir. Bir vaxtlar millət vəkili olan xanım Haşimi 2000-ci ildə İranda qadınlar üçün ilk qəzetin nəşrinə başlayıb.
O, həmçinin “qeyri-islami” hərəkət edərək İranfa ilk dəfə açıq şəkildə velosiped sürən qadın olub.
Lakin bəhayilərlə görüş elə bir fırtına yaradıb ki, hətta cənab Rəfsəncaninin özü də qızını sərt tənqid edib. O, Fars xəbər agentliyinə bəhayilərin kafir olduqlarını deyib.
“O, səhv addım atıb və öz hərəkətindən xəcalət çəkməlidir”, – ata deyib.
Həbsxana tanışlığı
Lakin başqa ruhanilər bundan da sərt bəyanatlar verirlər. Onlar deyirlər ki, psixoloq Kamalabadi ilə görüşü cinayət əməli saymaq lazımdır. Dini etika sahəsində alim Mahdi Təbatabayi, xanım Haşimidən xalqdan üzr istəməsini tələb edib.
İran Ədliyyəsinin rəhbəri ayətullah Sadiq Laricani isə deyib ki, xanım Haşimiyə qarşı milli təhlükəsizliyə hədə maddəsi ilə cinayət işi qaldırılmalıdır.
Lakin xanım Haşimi “Avronyus”a müsahibəsində deyib ki, qətiyyən peşman deyil və nə isə yanlış bir addım atdığını düşünmür.
O, deyib ki, İranda təkcə bəhayilərə yox, bir çoxlarına qarşı pis rəftar edilir. “Biz rəftarımıza kənardan baxmalıyıq”, – xanım Haşimi deyib.
Lakin hətta ruhanilərin arasından da bəziləri xanım Haşiminin müdafiəsinə qalxıblar.
Qum şəhərindən islahatçı din xadimi Fazil Meybodi deyib ki, onlar həbsxanada tanış olublar və əlbəttə ki, dost da ola bilərlər. O, əlavə edib ki, heç də bütün islam alimləri bəhayiləri napak saymırlar.
“Bu, sadəcə iki insanın görüşüdür. Nə baş verib ki?” – sual edib ruhani.
Məhəmməddən sonra
İranda dözümlülük göstərilən və hətta parlamentdə nümayəndələri olan yəhudilər, xristianlar və zərdüştilərdən fərqli olaraq bəhayilər 1979-cu il inqilabından bəri təqib olunublar. Onların Məhəmməddən sonra başqa bir peyğəmbərin gələcəyinə inamı şiə ruhanilərə görə böyük küfrdür.
“Nyu York Tayms” yazır ki, bütün dünyada 300 min bəhayi var. Onların baş qərargahının İsrailin Hayfa şəhərində olması İran hakimiyyətini daha da qəzəbli edib.
Yarımhərbi Bəsic hərəkatının başçısı briqada generalı Məhəmməd Rza Nağdi deyib ki, bəhayiləri dəstəkləmək sionistləri dəstəkləməyə bərabərdir.
Məqalədə deyilir ki, bəhayilər napak sayıldığından onların ali təhsil almalarına və ya dövlət qulluğunda çalışmalarına icazə verilmir.
Lakin indi İranda bir çox mütərəqqi insanlar bəhayilərə qarşı təqibləri pisləyirlər.
Tehran Universitetinin professoru Sadiq Zibakəlam deyib ki, bəhayiləri qeyri-müsəlman olduqlarına görə həbsxanaya atmaq qanunsuzdur:
“Məgər Məhəmməd peyğəmbər deyib ki, müsəlman olmayanların hamısı həbs edilməlidir?”.
Mənbə:> AzadlıqRadiosu