Ukrayna üçün yeni təhlükə
Ukrayna müdafiə naziri Stepan Poltorak ölkənin şərqindəki rusiyapərəst separatçılarla mübarizə aparmaq üçün hərbi büdcənin artırılmasını istəyir.
ANS PRESS-in məlumatına görə, Poltorak ayrılan məbləğin 3 milyard dollara çatdırmasının vacibliyini qeyd edib.
Bundan əlavə ordunun müasir silahlara ehtiyac olduğunu deyən Stepan Poltorak orduya çağırılanların sayının artırılmasını da təklif edib.
Müdafiə naziri 2015-ci ildə orduya 45 min mükəlləfiyyətlinin çağırılacağını və 10 min adamın xidmətə müqavilə əsasında cəlb olunacağını bildirib.
Yeni planlara görə, ölkənin şərqində hərbçilərin sayı 232 mindən 250 minə çatdırılmalıdır.
Ukraynanın bir neçə istiqamətdən təhlükə ilə üzləşdiyini deyən Stepan Poltorak şərq və cənubdakı Dnestryanı ilə sərhədə əlavə qüvvənin göndəriləcəyini bildirib.
"Bizə təhlükə yalnız şərqdən yox, cənubdan da mövcuddur. Orada qoşunlarin sayını artırmaq lazımdır. Zənnimcə bu batalyondan daha əsaslı şəkildə artıq olacaq. Çünki o tərəfdən Dnestryanı təhlükəsi var” - deyə Poltorak xəbərdarlıq edib.
Ukraynanın baş naziri Arseniy Yatsenyuk dünın verdiyi açıqlamada bildirib ki, hərbi büdcə sosial ödənişlərin ixtisarı hesabına artırılacaq.
Lakin Beynəlxalq Valyuta Fondu Ukrayna büdcəsində gələn il gözlənilən kəsirin 15 milyard dollar olacağını bildirib. Ukrayna parlamenti isə ilin sonunadək illik büdcəni təsdiq etməlidir.
Qeyd edək ki, son 8 ay ərzində davam edən Ukrayna böhranı 4 mindən artıq adamın ölümünə bais olub. 1 milyon adam isə evlərindən didərgin düşüb.
Atəşkəs razılaşması sentyabr ayında imzalanıb. Lakin o zamandan bəri baş verən toqquşmalarda mindən artıq adam öldürülüb.
Hazırda bir neçə gündür ki, atəşkəsə əməl olunur.
Mənbə:> ANSPRESS