Müdafiə nazirləri Bakıda toplaşır – QARABAĞA GÖRƏ
Azərbaycan, Türkiyə və Gürcüstan arasında strateji və hərbi əməkdaşlıq mövcuddur. Bölgə ətrafında formalaşan geosiyasi durumda yeni strategiyaların işlənməsi və birgə əməkdaşlıq planlarının hazırlanması hər üç dövlət üçün vacibdir.
Bu sözləri Axar.az-a Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin gözlənilən görüşünü şərh edən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Politoloq hesab edir ki, kollektiv müdafiə və maraqların birgə qorunması planlarının hazırlanması bu görüşün əsasını təşkil edir:
“Hər üç dövlətin ümumi maraq və əhəmiyyət kəsb edən problemləri var. Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü problemləri var və bunu yaradan da Rusiyadır. Eyni zamanda, Rusiya ilə Türkiyə arasındakı problemlər də qalmaqdadır. Bölgədə hazırda təsir dairəsini genişləndirmək uğrunda müəyyən rəqabət gedir. Bu rəqabət şəraitində də hər üç dövlətin birgə fəaliyyəti zəruridir. Müdafiə nazirləri Qarabağ məsələsi ilə bağlı müəyyən mövqe də nümayiş etdirə bilərlər. Ancaq hesab edirəm ki, Gürcüstan bu məsələdə müəyyən qədər ehtiyatlı davranacaq. Çünki Tiflis üçün İrəvanla münasibətlər önəmlidir. Ancaq hansısa real addımların atılmasına gəldikdə isə, məncə, bunun zamanı deyil. Hazırda Qarabağ problemi ilə dünyanın böyük gücləri məşğul olur. Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Burada həmsədr dövlətlərin xarici işlər nazirləri də iştirak edəcək. Azərbaycan Türkiyə və Gürcüstan müdafiə nazirlərinin bir araya gəlməsi isə məhz bu prosesə siyasi dəstəkdir”.
Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın Müdafiə naziri Tinatin Xidaşeli və Türkiyənin Milli Müdafiə naziri İsmət Yılmazın Azərbaycana rəsmi səfəri planlaşdırılır.
Mənbə:> Axar.az