“Heydər zirvəsi”nə yürüş baş tutdu
Heydər Əliyevin 93-cü ildönümü ərəfəsində Böyük Qafqaz dağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatıb.
"“Heydər zirvəsi”nə təşkil edilmiş növbəti kütləvi yürüş uğurla başa çatdı"
ANS PRESS-in məlumatına görə, Qubanın Xınalıq kəndindən başlayan yürüşə 15-ə yaxın alpinist, media nümayəndələri ayrı-ayrı idarə və müəssisə işçiləri qoşulub.
Onlar 2 gün davam edən yürüşdən sonra yolları sərt qayalıqlardan keçməklə möhtəşəm Heydər Əliyev zirvəsinə yetişə biliblər. Bu yürüşü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Hava və Ekstramal İdman Növləri Federasiyası təşkil edib.
Şahdağ ərazisində qeyri-sabit hava şəraitinə baxmayaraq yürüş iştirakçıları yüksək əhval-ruhiyyə ilə “Heydər zirvəsi”nə qalxaraq görkəmli siyasətçi və dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini yad edib. Son illərdə bu aksiyaya qoşulanların sayı ötən illərlə müqayisədə dəfələrlə artaraq xoş bir ənənə halını alıb və bu kütləvi yürüş ənənəsi “Heydər zirvəsi”ni xalqın ziyarətgahına çevirib. Zirvəni ziyarət etmək istəyən vətəndaşların arzularının rahat şəkildə gerçəkləşdirilməsinə şərait yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şahdağ Milli Parkında yaradılmış Təşkilat Komitəsinin müəyyənləşdirdiyi marşruta uyğun olaraq yürüş iştirakçıları bələdçilərin müşayiəti ilə ayrı-ayrı mütəşəkkil qruplarla “Heydər zirvəsi”nə doğru yürüş edir. Yürüş iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə və təlimatlandırılmasına Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası təşkilatçılıq edir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar keçirilən “Heydər zirvəsi”nə kütləvi yürüşlər ənənəvi olaraq hər il təşkil edilir.
Mənbə:> ANSPRESS