“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə » AzNews.info -Xəbər portalı

“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə – FOTO

“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə


Bu gün II Dünya Müharibəsində faşizm üzərində qələbədən 71 il ötür. Bununla əlaqədar general-mayor, sabiq müdafiə naziri, hazırda Azərbaycan Respublikası Veteranlar Şurasının sədri olan Dadaş Rzayevlə maraqlı müsahibə etdik. Həyatı hərbidə, müharibələrdə keçən Dadaş Rzayevlə həm cəbhədəki son hadisələrdən, həm II Dünya Müharibəsi, həm də Veteranlar Şurası haqqında söhbətimiz oldu.

- Dadaş müəllim, aprel ayında cəbhədə baş verən hadisələr haqqında nə deyə bilərsiz?

- Çox sevindirici haldır ki, bizim ordu böyük qələbə çaldı, erməni təxribatının qarşısını aldı. Ermənilərə və onların havadarlarına göstərdik ki, Azərbaycan ordusu nəyə qadirdir və nə edə bilər? Azərbaycan ordusu bu gün elə bir səviyyədə inkişaf edib ki, əgər Ali Baş Komandan, prezident İlham Əliyev əmr versəydi, bizim ordumuz gedib bütün Qarabağı azad edərdi. Bu, elə bir məqam idi ki, Qarabağa aid olmayan rayonlardan olanlar da bu döyüşə getdi və göstərdi ki, Azərbaycan ordusu hər şeyə qadirdir. Bundan ermənilər özləri də, havadarları da nəticə çıxartdı. Əminəm ki, əgər Qarabağ məsələsi sülh yolu ilə həll olunmasa, hərbi yolla ərazi bütövlüyümüzü bərpa edəcəyik. Prezidentimiz çıxışında qeyd edib ki, “Biz istəmirik Azərbaycan analarının, bacılarının göz yaşı tökülsün, eyni zamanda erməni analarının, bacılarının da göz yaşının tökülməyini istəmirik”. Bu, çox humanist bəyanat idi. Ancaq heç vaxt imkan vermərik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaransın. Bu da göstərir ki, bizim Ali Baş Komandan ordu quruculuğunda düzgün strategiya seçib. Ordumuz ermənilərin hər bir təxribatına cavab verməyə hazırdır.



- Müdafiə Nazirliyi əməliyyatların dayandırılması xəbərini yaydıqda, bu, bir çoxlarında məyusluq yaratdı. Necə düşünürsüz, sizcə, bu məsələ həqiqətən də sülh yolu ilə həll oluna bilər?

- Əməliyyatları birinci biz dayandırdıq. Prezidentimiz elan edib ki, “biz müharibə istəmirik”. Müharibə çox ağır əməliyyatdır. Buna II Dünya müharibəsini misal gətirə bilərəm. Bu müharibədə bizim 700 min əsgərimiz iştirak edirdi. Onun yalnız 350 mini geri qayıtdı, 350 min Azərbaycan oğlu isə şəhid oldu. Bu, xalqın üzərinə düşən çox ağır yükdür. İndi də müharibə davam etsəydi, yenə nə qədər itki verəcəkdik. Bizim cavan oğlanlarımız, cavan qızlarımız, ümumilikdə genefondumuza təsirini göstərəcəkdi. Ona görə prezidentimiz strateji cəhətdən seçim elədi və dedi ki, biz müharibə istəmirik. Buna görə də əmr elədi ki, əməliyyatlar dayandırılsın.

Hesab edirəm ki, bu, çox düzgün qərar idi. Bizim ordumuz öz gücünü, şücaətini göstərdi, ermənilərə ağır zərbələr endirdi, onların generalları, zabitləri həlak oldu, çoxlu sayda həm şəxsi heyətdən, həm texnika cəhədən itkilər verdilər. Onlar bundan böyük mənəvi, psixoloji zərbə aldı, Dağlıq Qarabağda qaça-qaç oldu. Bizim bu qərarla Ermənistan da məcbur edildi əməliyyatları dayandırmağa. Əgər indi də dayandırmasalar, biz, irəli gedəcəyik. Ona görə prezidentimiz də, Müdafiə Nazirliyi də deyir ki, hər bir atılan gülləyə cavab verəcəyik. Bu, qaçılmazdır. Nə qədər cəbhə bölgəsində yaşayan dinc əhali, vətəndaşlarımız qorxu altında yaşamalıdır? Ona görə qərara alınıb ki, hər bir gülləyə beş güllə, hər bir mərmiyə on mərmi ilə cavab veriləcək. Bu, müharibənin qanunlarıdır. Yenə deyirəm, Qarabağ məsələsi əgər sülh yolu ilə həll olunmasa, biz, hər zaman hərbi yolla həll etməyə hazırıq.

- Son hadisələr göstərdi ki, bizim oğullarımız istənilən zaman öz torpağımızı, Azərbaycanımızı qorumaq üçün canlarından keçirlər. Bəs II Dünya Müharibəsində dediyiniz kimi, 350 min itki vermək bizə həqiqətən də lazım idi?

- O vaxt biz SSRİ dövləti idik. Amerikada 50 ştat var, o, vahid bir dövlətdir. Hansı ştatda bir hadisə baş versə, bütün ştatlar ona kömək edəcək. Və ya NATO-da 28 dövlət var, hansı dövlətə hücum olsa, bütün NATO üzvləri olan dövlətlər ona kömək edəcək. Və biz də o zaman 16 dövlət olaraq respublikada bir idik. Necə ola bilərdi ki, vahid dövlətdə yaşaya-yaşaya orada iştirak etməyək? Təbii ki, ağır da olsa, müharibə itkisiz olmur. Tarixdə, bəşəriyyətdə elə məqam olmayıb ki, müharibə olsun və itki olmasın. Müharibənin mütləq itkisi olur, sadəcə bu itkinin azı, çoxu var. Müharibə vuruşan dövlətlərin gücünə, texnikasına, səviyyəsinə, potensialına baxır.

II Dünya Müharibəsində bütün Avropanı zəbt edən, böyük potensiala sahib olan Almaniya birdən-birə yenicə vətəndaş müharibələrindən çıxmış Sovet hökumətinə hücum etdi və gəlib Moskvanın yaxınlığına çatdılar. Buna baxmayaraq, Sovet xalqı ayağa qalxdı və öz sözünü dedi, birdəfəlik faşizmdən xilas edildi. Yəni, bu o deməkdir ki, bütün Sovet xalqı orada iştirak etməsəydi, almanlar qələbə qazanacaqdı və bütün dünyanı zəbt edəcəkdilər. O dövr tamam başqa dövr idi, indi isə biz, müstəqil dövlətik. Bizim ən böyük sərvətimiz müstəqilliyimizdir. Onu da qoruyub, saxlayırıq. Prezidentimiz çıxışında bildirdi ki, “ordu quruculuğunu davam etdirəcəyik və nə lazımdırsa, edəcəyik, ordumuz daha güclü olacaq, daha da çox vəsait ayıracağıq”. Və ayrılan vəsait də öz səmərəsini göstərdi. Biz, 1 milyon 300 min veteran da hazırıq ki, hər an öz torpaqlarımızı qorumaq üçün əlimizə silah alıb, gedək.

- Azərbaycan ordusunun bugünki gücünə baxaraq, əgər müharibə olarsa, Qarabağı neçə günə işğaldan azad edə bilərik?

- Əgər bu dəqiqə Ali Baş Komandanımız əmr etsə, bir hərbçi kimi deyirəm ki, biz Qarabağı 10 günə işğaldan azad edə bilərik. Əgər ermənilərə kənardan dəstək olmasa. Müharibələrdə çox olmuşam, ona görə də bizim ordunun gücünü bilirəm, səviyyəsini görürəm, generalların, zabitlərin gücünü görürəm və ona görə də deyirəm ki, təkbətək biz və ermənilər olsaq, 10 günə, bəlkə də daha az müddətə Qarabağı işğaldan tam azad edə bilərik.

“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə


- Beynəlxalq təşkilatların təkidi bu olur ki, məsələ sülh yolu ilə həll olunsun və azərbaycanlılarla ermənilər Qarabağda birgə yaşasın. Bu qədər hadisələrdən sonra, ermənilərdən o qədər pisliklər gördükdən sonra, birgə yaşamaq mümkün olar?

- Bu, ermənilərin özlərini necə aparmasından asılıdır. Oralar bizim ata-baba yurdumuzdur, biz, o yerlərdə yaşamalıyıq. Onlar istəyirlər yaşasınlar, istəmirlər çıxıb getsinlər, bundan bizə nə? Biz, azərbaycanlı olaraq, deyirik ki, sənin Xromort kəndin var, gəl orda yaşa, biz sənə dəymirik, sən də bizə dəymə. İstəmirsənsə, çıx get, amma biz, öz kəndlərimizdə yaşamalıyıq.

- İstəyərdim bir az da Azərbaycan Respublikası Veteranlar Şurası haqqında danışaq. Hazırda nə qədər üzvünüz var?

- İlk dəfə 10 iyun, 1960-cı ildə Bakı Veteranlar Təşkilatı yaradılıb. Azərbaycan Respublikası Veteranlar Şurası isə 1984-cü ildə yaradılıb və 1992-ci ildə rəsmi olaraq qeydiyyatdan keçib. Bu, hələ də tam dəqiq məlumat deyil, araşdırırıq. Bakı Veteranlar Təşkilatına ilk dəfə 28 il Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirov rəhbərlik edib. 2014-cü il yanvarın 28-dən isə təşkilata rəhbərlik etmək mənə tapşırılıb. Təşkilatımız əvvəl Nazirlər Kabinetinin II mərtəbəsində, 5 balaca otaqda yerləşirdi. 2014-cü ildə Şəhidlər Xiyabanında, Həzi Aslanovun abidəsinin yanında veteranlarla görüş keçiriləndə prezident İlham Əliyevə müraciət etdim ki, cənab prezident, veteran təşkilatı böyük təşkilatdır. Ancaq yerimiz balacadır, inkişaf etmək üçün yerimiz yoxdur ki, işləyək, xaricdən gələn qonaqları qəbul edək, televiziyalardan gələnləri qəbul edək, veteranlar arasında münasibətlər quraq. Prezidentimiz o dəqiqə əmr elədi ki, veteranlar təşkilatına inzibati bina verilməlidir. İndi yerləşdiyimiz inzibati bina bizə verildi və bir ildən çox təmir işləri getdi.

7 may 2015-ci ildə qələbənin 70 illiyi ərəfəsində prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva ilə birgə yeni binamızın açılışını etdilər və veteranlara hədiyyə verdilər. Prezident onsuz da veteranlara çox böyük qayğı göstərir, çox sayda veteranlar avtomobillərlə, evlərlə təmin olunub. Bu qayğı davam edir, veteranların sosial məsələləri yenə də həll olunur. Veteranların aylıq pensiyaları vaxtında verilir. Və hər il 9 may ərəfəsində veteranlara birdəfəlik yardım olunur. Hər il bu yardımın miqdarı artır, əvvəllər 500 manat idi, sonrakı illər 600, 700 və s. Ötən il 800 manat birdəfəlik yardım olunub. Bu, çox böyük puldur. Burada təkcə veteranlar yox, dünyasını dəyişən veteranların həyat yoldaşları da var, bunların hamısına yardım göstərilir. Heç bir dövlətdə belə bir şey yoxdur. Biz, hər il Moskvaya gedib tədbirdə iştirak edirik, bütün ölkələrin veteran təşkilatlarının üzvləri də iştirak edir. Ermənistanın veteran təşkilatının sədri çıxış edir ki, bizim veteranlar ayda 80-120 dollar alır. Mən çıxış edib, deyirəm ki, bizim vetranlar ayda 600-700 dollar pul alır. Hamısının ağzı açıq qalır ki, bu necə olur.

“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə


P.S Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2016-cı il tarixli “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan şəxslərə birdəfəlik maddi yardımların çatdırılması təmin edilib. Sərəncam ümumilikdə hazırkı vəziyyətə 15857 nəfərə şamil olunub. Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 997 nəfərin hər birinə 1000 (min), İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, Leninqrad şəhərinin mühasirəsi iştirakçıları olan 14860 nəfərin hər birinə isə 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardım verilib.

Hər il İkinci Dünya müharibəsində Qələbənin ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həmin müharibənin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam imzalayır. Ödənilən birdəfəlik maddi yardımların məbləği də ildən ilə artırılır. Ötən illə müqayisədə cari ildə bu artım 25 faiz təşkil edib və müvafiq olaraq 800 manatdan 1000 manata, 400 manatdan 500 manata qaldırılıb.

- Veteranlarla tez-tez görüşləriniz olur. Onlar nədən razıdılar, nədən narazıdılar?

- Veteranlar çox savalıdılar, dünyagörüşlüdülər. Onlar, oddan-alovdan çıxan insanlardır. Elə bir gün olmur ki, veteranlar bura gəlməsinlər, hamısına qapım açıqdır, onlara heç vaxt demirəm ki, gəlmə, qəbul günləri olsun, o günlərdə gəlsinlər və s. Qəbul günlərini yalnız öz işçilərim, bir də veteran olmayanlar üçün təyin etmişəm. II Dünya Müharibəsinin iştirakçısı olan veteranlarımız içərisində ən cavanının 90 yaşı var. Bizdə hətta 115 yaşı olan veteranımız da var, o, Yevlaxdadır. Veteranlarımız həmişə gəlirlər, müraciət edirlər. İstəkləri cürbəcür olur, bir də görürsən rayon yerində olanların pensiyası nə zamansa gecikir, mənzil, avtomobil məsələləri ilə bağlı da müraciətləri olur. Ən əsas müraciətlər Mərdəkanda müalicə mərkəzinə getmək üçündür. Onları göndəririk, orada dövlət tərəfindən reabilitasiya mərkəzinə gedirlər.

- Hazırda təşkilatın nə qədər üzvü var?

- 1 milyon 300 mindən çox üzvümüz var. Onlar hamısı təqaüd alan veteranlardır. Ancaq İkinci Dünya Müharibəsinin veteranlarının sayı hazırda 1232 nəfərdir.

- İkinci Dünya Müharibəsində iştirak edən insanların bəzilərinin o zamanlar “qara kağız”ı gəlib. Ancaq elə adamlar da var ki, bu günə qədər onlardan xəbər yoxdur

- Belə adamların sayı çoxdur. Bizim İkinci Vətən Müharibəsinin xatirə kitablarında həm şəhid olanlar, həm də itkin düşənlər, bu günə qədər məlumat olmayan insanlar haqqında məlumatlar əks olunub. Biz bu məsələ ilə də məşğuluq. Bununla bağlı müraciətlər çox olur. Bu yaxınlarda bizə müraciət olunmuşdu ki, müharibədə iştirak edən azərbaycanlılardan birinin qəbrini Rusiyadan tapıblar. Bizim ehtiyatda olan zabitimiz var, onu, belə məlumatlar olanda öz qrupu ilə birgə göndəririk, gedib araşdırırlar. Əgər mümkündürsə, gətirib burda dəfn edirlər, mümkün deyilsə, orada qanun-qayda ilə dəfn edirlər, baş daşı qoyurlar, üstünü də yazırlar.

- Bu yaxınlarda siyahı açıqlandı ki, nə qədər insanlar ki, itkin düşmüş sayılırdı, məlum olub ki, onlar digər ölkələrdə şəhid olublar. Bu xəbər isə bizə indi məlum olub

- Bu cür məlumatlar hələ uzun müddət çəkəcək. Necə ki, bəşəriyyət var, bu cür məlumatlar da davam edəcək. Ona görə ki, hələ də 70 il keçməyinə baxmayaraq, sağ olan dul qadınların gözü yoldadır ki, “bəlkə ərim, oğlum gəlib çıxacaq”. Özü gəlib çıxmasa da, ondan heç olmasa bir xəbər olar. Məsələn, bir nəfər var, hazırda Danyada yaşayır. Müharibə qurtarandan sonra orda qalıb, evlənib, 3 qızı, 2 oğlu olub. Həmin vaxtlar əsir düşüb orada, sonra da bura gəlməyib. Amma burdakı ailəsinə də xəbər edib yaşadığını.

- Elə insanlarla çalışırsız ki, onlar çox ağır günlər, müharibənin ən şiddətli dövrünü görüblər. İnsan yaşlandıqca, sanki bir az uşaqlaşır. Onlar indi böyük qayğı, diqqət istəyirlər. Bu cəhətdən onların sizdən əsas istəyi nə olur?

- Siz görəsiz veteranlar gələndə onlar mənim başıma necə yığışırlar. Onların əsas arzusu bu olur ki, generalla bir dəfə görüşüm, əlini sıxım.

- Dadaş müəllim, necə oldu ki, hərbiyə gəldiniz? Özünüzün marağı var idi, yoxsa ailənizin təkidi ilə hərbçi oldunuz?

- Məktəbi bitirəndən sonra Politexnik İnstituna daxil oldum, 1 il oxudum. O zaman müharibə təzə bitmişdi, orada iştirak edənlərin hamısını təxris etmişdilər. Ordu üçün yeni əsgərlərə ehtiyac var idi. Sovet dövründə kimisə orduya gətirmək o qədər də asan deyildi. Ona gör ki, 5 il ərzində olan müharibə nəticəsində genafonddan istifadə olunmuşdu. Baxmırdılar ki, institutda oxuyursan, ya yox, yaşın çatıbsa, çağırırdılar. Bir il oxuyandan sonra məni də apardılar əsgərliyə, ilk gündə Hərbi Hava Desant Qoşunları tərkibinə. Və 37 il bu qoşunlarda xidmət elədim, başqa qoşunları görmədim. O vaxt qulluq 3 il idi. 2 il yarım oxuyandan sonra məni və iki digər adamı çağırdılar. O vaxtlar əsgərliyə çağırılanların 70-80 %-i savadsız idi. Bircə savadlı, institutda 1 il oxuyan mən idim, məndən başqa 2 nəfər də tapdılar, 10 illiyi və ya yarım il institutda oxuyanlar. Bizə dedilər ki, “siz getməlisiz hərbi məktəbə, oxumalısız”. Biz təbii ki, etiraz elədik ki, 6 ayımız qalıb, evə getməliyik. Amma o vaxt belə idi ki, əmr verildisə, məsələ bitmiş sayılırdı. Göndərdilər oxumağa, geri dönəndə leytenant rütbəsi verdilər, ondan sonra da orduya göndərildim, başladım qulluğa.

Qanunda belədi ki, rütbə alandan sonra gərək 25 il qulluq edəsən. Bu illərdə nə bacardınsa, onu da edirsən. Mən həmin məktəbi bitirəndən sonra, Moskvada Hərbi Akademiyanı da oxuyub, bitirdim. Ondan sonra alay komandiri, diviziya komandiri və s. bir neçə vəzifədə qulluq elədim. Bir neçə müddət Afrikada da vuruşmuşam. 1985-ci ildə qayıtdım Moskvaya, 1988-ci ildə, Qarabağ məsələsi başlayanda, gəldim Azərbaycana, Qarabağda təcrübəli hərbçi kimi fəaliyyətə başladım. 1991-ci ildə ordu yarananda rəhmətlik Valeh Bərşadlı müdafiə naziri təyin etdilər, məni isə I müavini. Ondan sonra Xalq Cəbhəsi gəldi, vəziyyət elə gətirib, çıxardı ki, məni korpus komandiri kimi göndərdilər Tovuz-Qazax-Şəmkir zonasına. Korpus komandiri kimi gedəndə mən orda korpus yaratdım, daha sonra o zonada əmin-amanlığı bərpa etdim, Başkəndi ermənilərdən azad elədim. Sonra məni müdafiə naziri təyin elədilər, bu vəzifədə 7 ay işləyəndən sonra hadisələr baş verdi. Sonra istefa verdim, Ehtiyatda olan Zabitlər Birliyinin sədri seçdilər, 15 il orada sədr işlədim. Ehtiyatda olan Zabitlər Birliyi çox güclü təşkilatdır. Ondan sonra 2014-cü ildə Prezident Aparatına çağırıb, bu vəzifəni təklif etdilər. Razılıq verib gəldim, iki ildir burda çalışıram.

“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə


- İstəyərdim hərbidə olduğunuz müddətdəki uğurlu əməliyyatlarınızdan bir az danışaq. Xüsusilə də Başkənd əməliyyatı haqqında

- Başkənd Gədəbəy rayonunda yerləşir. Müharibə gedən dövr ərzində, 4 il o rayon iki hissəyə bölünmüşdü - Şınıx zonası və Gədəbəy zonası. Kənd dağların arasında yerləşir, çox təhlükə yaranmışdı, Şınıx zonasına gediş-gəliş mümkün olmurdu. Başkəndin adını ermənilər “Balaca Qarabağ qoymuşdular, çox möhkəmlənmişdilər orda, hər şeyləri var idi. O kənd həddindən artıq inkişaf etmişdi, Ermənistana 12 % kənd təsərrüfat məhsullarını verirdi. 4 il ətraf rayonların mal-qarasını dağlara çıxmağa qoymurdular, gediş-gəliş mümkün olmurdu, orada oğurluqla məşğul olurdular, insanları incidirdilər, yaralayırdılar, öldürürdülər.

Axırıncı məqam o oldu ki, ermənilər Şınıxın Mutudərə kəndinə hücum edib, yandırdılar. Və o kənddə 3 əsgərimiz qəhrəmancasına həlak oldu, özlərini partlatdılar ki, əsir düşməsinlər. Ondan sonra qərara aldım ki, nəyin bahasına olursa-olsun bu kəndi geri almaq və bu zonada birdəfəlik əmin-amanlıq yaratmaq lazımdır. 1992-ci il 8 avqustda, səhər saat 05:00-da əməliyyata başladıq, saat 08:00-08:30-da uğurla bitirdik və Başkəndi geri aldıq, erməniləri sərhəddən o tərəfə atdıq. Ermənilər 7 dəfə hücum elədi ki, o kəndi qaytarsın, qaytara bilmədilər. Onların orda çox gözəl şəraiti var idi, hətta 5-6 gölləri var idi ki, orada qızıl balıq saxlayırdılar. Ermənistanı bizim hesabımıza kənd təsərrüfatı məhsulları ilə təmin edirdilər. Əslində uğurlu əməliyyatlar çox olub, amma sonra əldə saxlamaq mümkün olmayıb. Amma bu əməliyyat uğurlu oldu, sonra da əlimizdə saxladıq.

- Bəs, 2-5 aprel tarixində geri aldığımız torpaqlarımızı əlimizdə saxlamağa gücümüz tam çatırmı?

- Bəli, buna gücümüz tam çatır və əlimizdə saxlayacağıq da. Ordumuzun buna tam gücü, qüvvəti var.

- Sizin həyatınız hərbidə keçib. Son olaraq, istəyərdim deyəsiz ki, sizcə, hərbçi necə olmalıdır?

- Həyatımın 60 ili orduda keçib. Oxumaq, tərbiyəli olmaq, vətəni sevmək və sairə, bunları hamı bilir. Sadəcə bir söz demək istəyirəm ki, hərbçi olmaq yolunu seçirsənsə, kişi kimi bu yolu sona qədər çatdır, əgər gedə bilməyəcəksənsə, ümumiyyətlə bu yolu tutma.

“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə
“Ermənilərə kənardan dəstək olmasa, 10 günə Qarabağı azad edərik” - Dadaş Rzayevlə müsahibə

Mənbə: ATV.az - Günay Məryəm / Foto: Səfiyar Məcnun
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *