İspaniyalı jurnalistlər girovluqdan xilas edildi
Suriyada 10 ay əvvəl qaçırılan ispaniyalı üç jurnalist azad edilərək Türkiyəyə gətirilib. ANS PRESS-in "BBC News" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, müxbir Antonio Pamplieqa, fotomüxbir Xose Manuel və operator Anxel Sastre artıq xilas ediliblər və evlərinə qayıdacaqları günü gözləyirlər.
Onların sağlam olduqları və bazar günü Madridə yollanacaqları bildirilib.
Sözügedən jurnalistlər Suriya ərazisinə Türkiyədən keçərək gəlib. Ötən ilin iyul ayında isə Hələb şəhərindəki döyüşləri işıqlandırarkən ələ keçiriliblər.
Onların kimlər tərəfindən qaçırıldığı hələlik məlum deyil. Jurnalistlarin fəaliyyətdə olduqları rayon “Ən-Nüsrə Cəbhəsi” adlandırılan ekstremist qruplaşmasına məxsus olub. "Ən-Nüsrə Cəbhəsi” Suriyanın ən güclü silahlı terror qruplarından biridir.
İspaniya hökümət rəsmisi bildirib ki, jurnalistlərin azad edilməsində Türkiyə, Qatar və başqa müttəfiq dövlətlərin köməyi olub.
Suriya müharibəsi ərzində bir çox ölkələrin jurnalist və müxbirləri burada itkin düşüb vəya həlak olub. “Sərhədsiz müxbirlər”in hüquq mühafizə qrupu Suriyanı jurnalistlər üçün ən qaynar, təhlükəli nöqtə adlandırıb.
Suriyada qətlə yetirilmiş bəzi jurnalistlərin adları:
Əhməd Məhəmməd əl-Musa – Suriyalı İŞİD əleyhinə fəaliyyət göstərən jurnalist. 2015-ci ilin dekabr ayında bir qrup maskalı şəxs tərəfindən qətlə yetirilib. Ölümündən sonra onun Mətbuat Azadlığı mükafatına layiq görüldüyü bildirilib.
Kenci Qoto – Əslən yaponiyalı olan azad sənədli filmlər rejissoru. 2014-cü ilin oktyabr ayında itkin düşdüyü elan edillib. Növbəti ilin yanvar ayında isə İŞİD terrorçuları tərəfindən qətlə yetirildiyi video meydana çıxıb.
Məhəmməd əl-Qasım – Suriyalı radiomüxbir. Naməlum atıcı tərəfindən maşını güllələnərkən özü də həmin avtomobilin içində vəfat edib.
Stiven Sotlof – Amerikalı azad müxbir. 2013-cü ildə İŞİD tərəfindən qaçırılaraq bir il sonra qətlə yetirilib.
Ceyms Fouli – Amerikalı azad müxbir. 2012-ci ildə itkin düşüb. 2014-cü ildə yayılan videoda İŞİD tərəfindən öldürüldüyü bəlli olub.
Yara Abbas – Suriyalı televiziya jurnalisti. Naməlum qruplaşma tərəfindən 2013-cü ildə snayper atəşiylə qətlə yetirilib.
İhsan əl-Buni – Suriyalı qəzet fotoqrafı. Naməlum qruplaşma tərəfindən 2012-ci ildə güllələnib.
Mənbə:> ANSPRESS