İrəvan seçim qarşısında: Ya hərb, ya da...
Ermənistan rəhbərliyi siyasi prosesi bu dəfə də dalana dirəyərsə, onda gedişat İrəvan üçün çox ağır olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Politoloqun qənaətinə görə, Rusiya xarici işlər nazirinin İrəvana səfəri Ermənistanda sülh danışıqları və həll mexanizminin işlənməsi prosesindən xəbər verir:
“Düzdür, Ermənistan hələ də dördgünlük müharibənin şokunu yaşayır. Ancaq Rusiya artıq anlayır ki, Qarabağ məsələsində danışıqlardan əmələ keçmək lazımdır. Sərkisyanın ağır durumda olmasına baxmayaraq, o, prosesdən yayına bilməz. Məncə, Rusiyanın bu işdə konkret planı var, həmin məsləhətləşmələr təsnifat formasında iki paytaxt arasında müzakirə obyektinə çevrilib və siyasi prosesin həllinin tapılmasında ilk tutarlı addımlar atılmalıdır. Rusiya dairələri rayonların qaytarılması məsələsində ciddi götür-qoy edir. Bu, Sərkisyan və onun komandası üçün ağrılı bir məqam olsa da, bundan boyun qaçıra bilməyəcəklər. Sərkisyan siyasi prosesi bu dəfə də dalana dirəyərsə, onda gedişat Ermənistan üçün çox ağır olacaq və Azərbaycan hərbi cəhətdən İrəvanın dərsini verməli olacaq. Rusiya da məhz bu məqsədlə ermənilərə çatdırmaq istəyir ki, həll mexanizminin işlənməsinə alternativ yoxdur”.
Qeyd edək ki, Lavrov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparmaq üçün dünən İrəvanda görüşlər keçirib.
Mənbə:> Axar.az