İrəvan işğalçı kursdan əl çəkməsə...
Referendum Ermənistanın çoxsaylı problemlərinə dərman ola bilməz. Əgər Sərkisyan bir gedişlə öz komandasının yerinin bərkitməyi ümdə sayırsa, o, çox böyük strateji səhfə yol verir.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. Onun sözlərinə görə, referendum daxildə rıçaqları əldən verməmək üçün Sərkisyanın manipulyasiyasıdır:
“Prezident demokratik islahatlar adı altında öz zümrəsinin mövqelərini bərkitmək istəyir. O, iqtisadi çağırışlar önündə tam acizdir və bəlli olan budur ki, ac ölkədə “demokratiyanı daha yüksək səviyyəyə qaldırmaq” cəmiyyət üçün aldadıcı gedişdir. Referendum Ermənistanın çoxsaylı problemlərinə dərman ola bilməz. Əgər prezident bir gedişlə öz komandasının yerini bərkitməyi ümdə sayırsa, o, çox böyük strateji səhvə yol verir. Dərin böhrandan çıxmağın yeganə yolu Qarabağ torpaqlarının azad edilməsindən keçir. Sərkisyan yenə də güc amilinə güvənir. Lakin sosial zəmindəki etirazlar və köklü dəyişikliklərin olmaması hakim zümrənin mövqelərini zəiflətməkdə davam edir. Ermənistan prezidentinin islahat oyunbazlığının arxasında duran korporativ maraq həm hazırkı müxalifətə, həm də fəal ictimaiyyətə məlumdur. Bu qüvvələr artıq müqavimət strategiyası üzərində çalışırlar. Bu səbəbdən Ermənistanın daxilində hərc-mərclik qaçılmaz olacaq. Əgər İrəvan işğalçı kursdan əl çəkməsə, budəfəki xaos ölkəni çökürdəcək”.
Qeyd edək ki, dekabrın 6-da Ermənistanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək.
Mənbə:> Axar.az