Rusiya və Səudiyyə Ərəbistanı neftlə bağlı razılığa gəliblər
Ər-Riyad ilk dəfə olaraq İranın iştirakı olmadan razılıq verib.
Rusiya və Səudiyyə Ərəbistanının nümayəndələri neft hasilatının dondurulmasına dair mövqelərini müəyyənləşdiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks”a Qatardakı diplomatik mənbə bildirib.
“Bu gün Səudiyyə Ərəbistanı və Rusiya nümayəndələri arasında baş tutan görüş zamanı tərəflər arasında neft hasilatının dondurulması məsələsinə dair konsensus əldə olunub”, - deyə mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəbistanı ilk dəfə olaraq İranın iştirakı olmadan neft hasilatının dondurulmasına razılıq verib.
Bundan əvvəl Səudiyyə Ərəbistanı İranın da neft hasilatının dondurulması sazişinə qoşulmaq istəmədiyini əsas gətirərək sövdələşməyə hazır olmadığını bildirirdi.
Qeyd edək ki, İran, öz növbəsində, neft hasilatının həcmini əvvəlki səviyyəyə (sanksiyalar tətbiq olunandan əvvəl) çatdıranadək neft hasilatının dondurulması sazişinə qoşulmaq niyyətində olmadığını bildirib.
Xatırladaq ki, aprelin 17-də Qatarın paytaxtı Dohada ən iri neft istehsalçılarının görüşü baş tutacaq. Onlar neft hasilatının dondurulmasını müzakirə edəcəklər.
Mənbə:> Oxu.az