Kürdlər Parisdə azərbaycanlılara hücum etdi – VİDEO
Milli.Az bildirir ki, Ermənistanın Parisdəki səfirliyinin binasının qarşısında keçirilmiş aksiyaya hücum edənlər kürdlərin PKK terror təşkilatı ilə bağlı qrup və ermənilər olublar.
Viete küçəsində aksiya iştirakçıları ilə PKK tərəfdarlarının toqquşmasının qarşısını polis alıb.
Polis Azərbaycan və Türkiyə bayraqları tutmuş aksiya iştirakçılarının Ermənistan səfirliyinin binasına yaxınlaşmasına imkan verməyib.
Aksiya iştirakçıları "Qarabağ bizimdir, bizim olacaq!", "Qarabağa azadlıq!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları söyləyərək Azərbaycana dəstək veriblər.
Onlar əllərində "İşğalçılara və terrorçulara lənət olsun", "Terrorçu dövlət Ermənistan", "Müharibə cinayətkarı Sarkisyan" yazılmış plakatlar tutmuşdular.
Aksiyada Azərbaycan himni oxunub, şəhidlərimiz anılıb.
Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyi qarşısında erməni ordusunun qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına qarşı etiraz aksiyası keçirilib.
Aksiya Paris Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutub. Ermənilər aprelin 9-da Paris küçələrində də zorakılığa əl atıblar. Belə ki, 20-dən artıq ermənilərdən ibarət maskalı qrup ekstremist dəmir çubuqlar, şüşə, ammonium (kimyəvi maddə) və digər küt alətlərlə silahlanaraq 200-dən artıq azərbaycanlıya, Azərbaycanın dostlarına və beynəlxalq hüquq tərəfdarlarına qarşı zorakılıq tətbiq ediblər. Qeyd edək ki, bu insanlar Parisdə Ermənistan səfirliyinin qarşısına dinc şəkildə etirazlarını bildirmək üçün toplaşmışdılar.
Avropa Azərbaycan Cəmiyyətindən Milli.Az-a bildirilib ki, Fransa çevik polis alayı ermənilərin hücumunu dəf edib və hazırda hücum edənləri müəyyənləşdirməyə çalışır. Yaralılara yardım etmək üçün təcili tibbi yardım çağırılıb.
Parisdə Azərbaycan Evi tərəfindən təşkil edilmiş bu tədbir diaspora və tələbə qrupları ilə yanaşı, TEAS-ın Fransa ofisi tərəfindən də dəstək almışdır. Aksiyada Fransadakı türk diasporunun nümayəndələri də iştirak edib. Etirazçılar "Sarkisyan - müharibə cinayətkarıdır", "Erməni terrorçuları", "Ermənilər - Qarabağı tərk edin" və "Xocalıya Ədalət" kimi şüarlar səsləndiriblər. Aksiya zamanı "Qarabağ şikəstəsi" də ifa olunub.
TEAS-ın direktoru Lionel Zetter etirazçılar qarşısında çıxış edərək deyib: "Biz beynəlxalq hüquqa inanırıq. BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, BMT Baş Assambleyasının 1 qətnaməsi və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) 1 qətnaməsi vardır. Bunların hamısı bildirir ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycana məxsusdur. Elə bu həftə AŞPA-nın prezidenti Pedro Aqramunt demişdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən dərhal çıxarmalıdır. Əgər Ermənistan silahlı qüvvələri qeyri-qanuni olaraq Azərbaycanın suveren ərazilərini işğal etməsəydi, burada münaqişə olmazdı".
Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva isə öz çıxışında deyib: "Biz burada erməni qüvvələrinin yeni hərbi təxribatlarına qarşı etirazımızı bildirmək üçün toplaşmışıq. Bu, elan edilməmiş müharibədir. Burada 1988-94-cü illərdə baş verənlər davam edir. Həmin hərəkətlər Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaranması ilə nəticələnmişdir. Müharibə qurbanları heç vaxt unudulmamalıdır, xüsusilə Xocalı soyqırımının 613 qurbanı. Bu günə qədər heç nə dəyişməmişdir. Biz ədalətə çağırırıq".
Daha sonra Mirvari Fətəliyeva şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anmağa çağırıb.
Nant Azərbaycan-Fransa Mədəniyyəti Assosiasiyasının (ASAF) prezidenti Toğrul Zeynalov fikirlərini belə ifadə edib: "Biz burada Azərbaycan torpaqlarına qarşı Ermənistanın hərbi təcavüzünə etirazımızı bildirmək üçün toplaşmışıq. Biz Fransada yaşayırıq və bu ölkə bizim ikinci vətənimizdir. İstəyirik ki, Fransa təcavüzə qarşı hərəkət etsin. Yaşasın Fransa, yaşasın Respublika və yaşasın Fransada olan azərbaycanlılar!"
Etirazçılar tələb ediblər ki, Fransa üzərinə bu münaqişədə danışıqlar vasitəsilə sülhün əldə edilməsi vəzifəsi qoyulan ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə həllinə dəstək vermək üçün beynəlxalq ictimaiyyəti motivasiya etməkdə daha fəal olmalıdır.
Vurğulanıb ki, 20 ildən çoxdur ki, Ermənistan beynəlxalq hüquqa məhəl qoymur. 1993-cü ildə qəbul edilmiş və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini boşaltmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini yerinə yetirmir. Hazırda minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıb. Elə bu həftə onların məskunlaşdığı ərazilərin bir qismi Ermənistan qoşunları tərəfindən artilleriya atəşinə tutulub.
Etiraz aksiyasında Fransanın müxtəlif şəhərlərindən - Tur, Bezanson, Dol, Lion, Miluz, Paris və ətraf yerlərdən gəlmiş Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.
Çıxışlarda son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması, qoşunların təmas xəttində təxribatçı cəhdlərin törədilməsi pislənib, erməni silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılması tələb edilib.
Meydana toplaşan yüzlərlə soydaşımız əllərində Azərbaycan və Fransa bayraqlarını, erməni təcavüzünü pisləyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən qeyri-qanunu zəbtinə dair beynəlxalq təşkilatları və ATƏT-in Minsk qrupunu bu haqsizlıqlara biganə olmamağa səsləyən transparantlar tutmuş, Qarabağın və zəbt edilmiş digər rayonların qədim Azərbaycan torpağı olduğunu, Xocalının dinc sakinlərinə qarşı ermənilərin törətdikləri vəhşilikləri pisləyən şüarlar səsləndiriblər.
Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciətin mətnini oxuyub.
Aksiya iştirakçılarının bəyanatı Ermənistan səfirliyinin poçt qutusuna atılıb.
AzNews.info hadisə yerindən çəkilmiş videogörüntünü oxucularına təqdim edir:
Post by aznews.info.
Mənbə:> Milli.az