Cəbhədən reportaj: 70-dək ev dağılıb – FOTO
Qoşunların təmas xəttində yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi illərdir güllə və mərmilər altında yaşayır. Son günlər isə Ermənistan qoşunları kəndə ağır top zərbələri endiriblər.
AzNews.info-nun məlumatına görə, AzərTAc-ın cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları da bu təxribatın canlı şahidi olublar. Buna baxmayaraq, sakinlər evlərini tərk etmirlər. Hətta məktəb yaşlı uşaqlar da kənddən çıxmır, gündəlik işlərin görülməsində böyüklərə kömək göstərirlər. Yalnız qadınlar və körpələr təhlükəsizlik məqsədilə müvəqqəti olaraq başqa yerlərə köçürülüb.
Həqiqətən bu kəndin sakinləri mərdlik nümayiş etdirirlər. Mərmilərin başımızın üstündən uçduğu anlarda da onlar sakitcə qapılarında oturub söhbətləşir, partlayışların səsinə məhəl qoymurdular. Biz soruşanda ki, niyə müvəqqəti sığınacaqda deyilsiniz, cavabları belə olurdu: “Biz düşməndən gizlənmərik, o qorxsun bizdən. Əsgərlərimiz onlara elə divan tutur ki, acıqlarını xaincəsinə bu kənddən çıxırlar”.
Doğurdan da kənddə zərər dəyməyən ev qalmayıb. Bir çoxları isə yerlə-yeksan edilib. Sakinlər arasında yaralananlar da var.
İcra nümayəndəsi Abbas Allahverdiyev kənddə 600-dən çox evin olduğunu, 3 min nəfərin yaşadığını bildirib:
“Əhalinin böyük əksəriyyəti kənddədir. Hamı Ali Baş Komandanın əmrini gözləyir ki, əlinə silah alıb düşmənə zərbə endirsin”.
Atəş səsləri altında həmsöhbətimiz olan Rauf Paşayev kənddə böyük dağıntıların olduğunu deyir.
“Dayanmadan atırlar. Öz evim, qardaşımın evi, qonşuların evi dağılıb”, - deyə o, son günlərdə baş verənləri danışır.
Uçulmuş damlar, daşı-daş üstündə qalmayan divarlar, dəlik-deşik olmuş qapı-pəncərələr, ölmüş heyvanlar... İndi Tapqaraqoyunluda bu adi mənzərədir. Sakinlər evlərinə, yurdlarına böyük ziyanın dəydiyini desələr də, ordumuzun uğurlarının əsas olduğunu bildirirlər. “Kənddə 70-ə yaxın ev tamamilə dağılıb. Bütün bunların müharibənin nəticəsi olduğunu anlayırıq. Hər birimiz döyüşməyə hazırıq. Ali Baş Komandanın əmrini gözləyirik”, - deyə Teymur Mustafayev sakinlərin ümumi fikrini ifadə edir.
Tapqaraqoyunlunu gəzdiyimiz bir saat ərzində ermənilər kəndi bir neçə dəfə top atəşinə tutdu. Biz kənddən ayrıldıq, sakinlər isə bizi yola salaraq ordumuza inandıqlarını, qələbənin yaxında olduğunu dedilər.
Mənbə:> AzərTAc