Ərdoğan ANS əməkdaşını nümunə göstərdi
ANS-in Amerika Birləşmiş Ştatları (ABŞ) bürosunun əməkdaşı Qənirə Ataşovanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana verdiyi sual qardaş ölkənin rəhbərini mütəəssir edib. ANS PRESS-in məlumatına görə, prezident Ərdoğan ABŞ-ın Maryland əyalətində “Diyanət” mərkəzinin açılışında etdiyi çıxışında ANS əməkdaşını Türkiyə jurnalistlərinə nümunə göstərib.
“Azərbaycan-Ermənistan sərhəddində atışmalar ciddi şəkildə davam edir və bu insidentlərdə hər iki tərəfin böyük itkiləri olub. Bir az əvvəl azərbaycanlı televiziya əməkdaşı qarşımı kəsdi, onun gözlərində göz yaşı gördüm. Görəsən bizim ölkəmizdəki mətbuatın gözlərində də bu göz yaşını görə biləcəyik?” – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Azərbaycan-Ermənistan cəbhə xəttində baş verənlərlə bağlı ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovaya açıqlama verib.
“Əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı”.
O, az öncə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefonda danışdığını xatırladıb. “Ondan hadisə ilə bağlı məlumat aldım. 12 azərbayacanlı qardaşımız şəhid olub. Ermənistan tərəfdən 100-dən artıq ölü var. Dualar etdik. İnşaAllah bu döyüşlərdə azərbaycanlı qardaşlarımız ən az itki ilə uğur qazanar”.
Prezident Minsk qrupunun qətiyyətsiz mövqeyi nəticəsində vəziyyətin bu gün gərgin olduğunu qeyd edib. Dövlət başçısı gərəkli köməkliklər göstərməyə davam ediləcəyini deyib.
R.T.Ərdoğan Azərbaycan prezidentinə hərbçi ölümləri ilə başsağlığı verib, yaralılara şəfa diləyib. Türkiyə prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı dəstəyini və həmrəyliyini ifadə edib, Türkiyə xalqının hər zaman Azərbaycan xalqının yanında olduğunu bildirib.
Mənbə:> ANSPRESS