Qarabağ üçün «həll planı»: RUSİYA BLEFİ
Kreml həm hakimiyyət içindəki, həm də kənardakı emissarları vasitəsi ilə mütəmadi olaraq məlumatlar dövriyyəyə buraxır
Son dövrlər dövri mətbuatda ən geniş müzakirə mövzusuna çevrilmiş Qarabağ münaqişəsinin həlli məsələsində yeni «not»lar daha qabarıq şəkildə diqqəti çəkir. Politika.az xəbər verir ki, mütəmadi olaraq ortaya atılan «Rusiya Qarabağı geri qaytarır», «Rusiya 3 rayonu geri qaytarır» kimi xəbərlər heç də səbəbsiz şəkildə gündəmə gətirilmir. Burada bir ayrı məqsəd var.
Qeyd edək ki, Qarabağ münaqişəsinin həlli 30 ilə yaxındır mümkün olmur. İşin içində təkcə Ermənistan deyil, elə Rusiyanın da olduğu inkar edilməzdir. Hələ İranı da maraqları fonunda buraya əlavə etsək, o zaman xəritənin miqyası daha aydın görünər.
Əslində, münaqişəni yaradan Rusiyadır. Və bu bir imperiya klassikasıdır. Parçalamaqla tərəfləri düşmən edib, öz maraqlarını reallaşdırmaqdan başqa bir şey deyil. Moskva Qarabağla yanaşı, Qafqaz üçün Abxaziya və Cənubi Osetiya bəlaları da yaradıb. İndiyə qədər Gürcüstan mətbuatı bir dəfə də olsun, «Rusiya Abxaziyanı qaytarır» başlıqlı məqalə yayımlamayıb. Ona görə ki, bu münaqişələri doğmuş bir ölkənin öz «balası»nı öldürməsini mümkünsüz hesab ediblər. Üstəlik, Rusiyanın hansı sifətə malik olduğunu, onlara güvənmədiklərindən belə xəbərlər yaymayıblar.
Azərbaycan mətbuatı isə Moskva-Qarabağ məsələsi su yoluna döndəriblər. Həftədə bir dəfə Rusiy a ya Qarabağı bütöv, ya da bir neçə rayonunu qaytarır. Bunu yazanların özlərinin yazdıqlarına inandıqlarına kifayət qədər şübhəmiz var. Ona görə ki, Rusiyanın mahiyyəti, siyasəti göz qabağındadır. Bir imperiya heç bir zaman özünün yaratdığı problemi köklü həll etməz. Əksinə, onu o qədər dərinləşdirər ki, münaqişə tərəfləri ondan asılı qalarlar.
Ermənistan yaxşı bilir ki, Qarabağı işğal altında saxlamaq onun xeyrinə deyil. Əksinə, hər il milyonlarla dollar pul itirir. Bundan başqa, İrəvan özünü demək olar ki, təcrid vəziyyətinə salıb. Regionda aparıcı oyunçu olmaq imkanlarından məhrum edilib. Sabiq prezident Levon Ter-Petrosyan deyir ki, Qarabağ münaqişəsi var olduqca, Ermənistan heç bir zaman inkişaf etməyəcək.
Bəs, Azərbaycan mətbuatına bu məlumatlar haradan sızdırılır? Bəlkə, təxəyyülün və ya hansısa arzunun ifadəsidir? Əslində, ortada təxəyyülün ola bilmə ehtimalı azdır. Çünki yayılan xəbərlərdə kifayət qədər əsaslı fikirlər səslənir, maraqlı tezislər diqqəti çəkir. Məsələnin mütəmadi xarakter alması da yetərli qədər diqqət çəkəndir. Ona görə ki, sistemli şəkildə cəmiyyətin fikrini məşğul etmək üçün nəzərdə tutulduğu şübhə doğurmur.
Bu məlumatların iki istiqamətdə mətbuata sızdırıla bilmə ehtimalı var. Birincisi, Azərbaycan hakimiyyətinin daxilində Rusiya siyasi elitası ilə sıx əlaqədə olan yetərli qədər şəxslər var. Onların bəzilərinin Moskvanın maraqlarını qoruduğunu demək elə də çətin məsələ deyil. Zatən, son dövrlər Bakıda «beşinci kalon» məsələsi xeyli aktuallaşıb.
İkinci qaynaq da elə Azərbaycanın içindədir. Bu dəfə hakimiyyətdən kənardakı Rusiya maraqlarını qoruyanların işi sayıla bilər. Onlar Rusiyanı daima diqqət mərkəzində saxlamaqla, bu ölkə ilə hesablaşmanın vacibliyini nümayiş etdirmək istəyirlər. Eyni zamanda, Moskvanın fikirlərini çatdırırlar ki, bu ölkə var və ondan çəkinmək lazımdır.
Ortada tək bir reallıq var. Qarabağ məsələsində Rusiya blefi mövcuddur. Belə məlumatları dövriyyəyə buraxmaqla Kreml Azərbaycanda mövqelərini gücləndirə biləcəyini düşünürsə, yanılır. Çünki rəsmi Bakı da yaxşı bilir ki, Kremlin «Qarabağı qaytara bilərik» vədləri boş şeydən, blefdən başqa bir şey deyil. Elə cəmiyyət də bu fikirlə şərikdir. Mütəmadi olaraq gündəmə gətirilməsi isə Moskvanın daha da gözdən düşməsnə rəvac verir.
Qarabağın həlli planına gəldikdə isə burada məsələ elə də qəliz deyil. Variantlar xeyli çoxdur. Amma onların içində bir neçəsi var ki, onların geniş müzakirəsi lazımdır. Bu barədə isə növbəti yazımızda oxuya biləcəksiniz.
Mənbə:> Politika.Az