Araz Əzimov yenə də Suriyadan danışdı
Suriya ilə bağlı Azərbaycanın mövqeyi nə Rusiya, nə də İranın mövqeyinə yaxın deyil. Mən belə hesab etmirəm. Ümumiyyətlə, Suriyada vəziyyət qəliz, gərgin və birmənalı deyil.
Bu fikri ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin qonağı olmuş xarici işlər nazirinin müavini Araz Əzimov səsləndirib.
“Azərbaycanın Suriya ilə bağlı mövqeyi bir neçə prinsipə əsaslanır. Birincisi, prinsip olaraq Suriyanın ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycan üçün bu ən vacib elementlərdən biridir. İkincisi, orada əmin-amanlıq və bütün tərəflərin iştirakı ilə siyasi proses təmin olunmalıdır”, - deyə A.Əzimov bildirib.
Onun sözlərinə görə, hazırkı şəraitdə bu cür siyasi prosesin aparılması mümkün deyil. Məhz ona görə də atəşkəsin əldə olunması vacib nəticə hesab olunmalıdır.
“Suriya bizə qardaş ölkə olan olan Türkiyə ilə qonşu ölkə olduğuna görə, Türkiyə sərhədlərinin təhlükəsizliyi də bizim üçün çox vacibdir”, - deyə A.Əzimov bildirib.
“Bəşər Əsəd getməlidir, ya qalmalıdır?” sualına A.Əzimov qeyd etdi ki, bu sualı sadələşdirmək olmaz.
“Bir neçə il bundan qabaq Bəşər Əsədin getməyi nəzərdə tutulurdusa da, o hələ də artıq neçə ildir hakimiyyətdə qalır və bir tərəfdən öz siyasi iradəsini göstərir, digər tərəfdən isə bir rəhbər kimi qüvvəsini göstərir. Suriyada vəziyyət hazırda elədir ki, onun getməsi vəziyyəti həll etməz”, - deyə A.Əzimov vurğulayıb
“Bəşər Əsədi dəstəkləyən qüvvələr var, ordu var. Ölkənin bütün cəmiyyəti ona qarşıdır demək də olmaz”.
Mənbə:> Oxu.Az