Araz Əzimov: Biz Avropa İttifaqına üzv olmaq istəmirik » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət, Dünya

Araz Əzimov: Biz Avropa İttifaqına üzv olmaq istəmirik

Araz Əzimov: Biz Avropa İttifaqına üzv olmaq istəmirik


Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bu günlərdə Vyanaya səfər edib. Xəbər verildiyi kimi, yüksək vəzifəli diplomat ATƏT-in Daimi Şurasının toplantısında iştirak edib və daha sonra Avstriya-Azərbaycan münasibətlərinə dair rəsmi görüşlər keçirib.

Əzimov Avstriyanın nüfuzlu “Die Presse” qəzetinə müsahibə verib.

Bakının Suriya böhranında kimin tərəfində olmasından tutmuş manatın ucuzlaşmasına və Amal Kluninin jurnalist Xədicə İsmayılı müdafiə etməsinə qədər bir çox mövzularda suallara cavab verib.

AzNews.info virtualaz.org-a istinadən qəzetin əməkdaşı Jutta Sommerbauer-in götürdüyü həmin müsahibənin xülasəsini təqdim edir:

- Azərbaycan Suriya müharibəsində kimin tərəfindədir?

- Biz Suriyada koalisiyaların qarşıdurmasının şahidi oluruq. İslam dünyasının bir hissəsi və region ölkəsi olaraq baş verənlərdən narahatıq. Biz islam dünyasında şiələrlə sünnülər arasında dərinləşməkdə olan parçalanmalardan da narahatlıq keçiririk. Azərbaycan tolerant ölkədir, bizdə bütün dinlər bir yerdə problemsiz yaşayır. Suriyada 200-300 azərbaycanlı döyüşür.

Hesab edirəm ki, Rusiyanın və digərlərinin hava zərbələri o qədər də effektiv deyil, həm də baha başa gəlir. Yerüstü qüvvələr yeritmək isə riskli olardı və çoxlu itkilər hesabına başa gələrdi.

Atı arabadan qabağa qoşmaq olmaz. Addım-addım irəliləmək lazımdır. Bəşər Əsəd prezident kimi hazırda ərazi bütövlüyünün və təhlükəsizliyin yeganə qarantıdır. Onun ordusu hüquqi institutdur. Biz Əsədin varisi tərəfindən əvəzlənənə qədər prezident kimi qalmasını nəzərdə tutan hərtərəfli siyasi prosesi dəstəkləyirik.

- Bu məsələdə siz Türkiyə ilə razı deyilsiniz...

- Biz Türkiyənin narahatlıqlarını başa düşürük. İraq Kürdüstanındakı PKK gücləri türklər üçün təhlükəsizlik problemidir. Suriyanın Türkiyə ilə şimal bölgələrində də kürdlər irəliləyir. Əgər sabah Əsəd getsə biz buna qarşı çıxmayacağıq. Biz hərtərəfli stabilləşmə prosesinin tərəfdarıyıq. Qurudan hücum əməliyyatlarının deyil, çünki istənilən koalisiya ora öz quru qüvvələrini göndərsə xaos daha da böyüyəcək.

- Azərbaycana Suriyadan qaçqınlar gəlir?

- Biz qaçqınların marşrutu üzərində yerləşmirik. Bundan əlavə, qaçqınlar Avropada komfort həyat yaşamaq istəyirlər. Bizim özümüzün də qaçqın və məcburi köçkünlərimiz var. Bunu yaddan çıxarmayın.

- Neftin ucuzlaşmasına görə manat dollara nisbətdə dəyərdən düşdü, 2016-cı ilin büdcəsinə yenidən baxılacaq. Azərbaycan üçün “Qızıl İllər” arxada qaldımı?

- Xeyr. Bu böhran iqtisadi deyil, siyasidir. Onlar qiyməti aşağı salmaq üçün neft hasilatını artırırlar.

- Bəs belə vəziyyətdə siz necə yaşayacaqsınız?

- Azərbaycanda vəziyyət stabildir. Ötən il bir az gərginlik oldu. Lakin prezident İlham Əliyev son vaxtlar hökumətə bildirdi ki, nefti yaddan çıxarın! Qeyri-neft sektorunu inkişaf etdirin! Onsuz da ÜDM-in dörddə üçü neftdən kənar sahələrdə idi.

Hökumət addımlar atır. Sənaye və ixracyönümlü məhsulların istehsalı, regionlarda sənaye zonalarının yaradılması, Bakıya yükün azaldılması üçün regionlarda böyük sayda iş yerlərinin açılması istiqamətində işlər gedir.

İlham Əliyev yerli hakimiyyətlərə xəbərdarlıq etdi ki, büdcəyə arxayın olmasınlar, onlar özləri vəsait cəlb etməlidir. Hətta vergilər aşağı salınıb və şirkətlərin qeydiyyatı sadələşdirilib. Qiymətlər kəskin artmayacaq. İndi Vyanda Bakıdan bahaçılıqdır. Və Bakıda Vyanadan daha yaxşı alış-veriş etmək olar.

- Ancaq bəzi rayonlarda məhz qiymətlərin artmasına görə etirazlar baş verdi...

- Bu tip informasiyalar düzgün olmayan mənzərə yaradır. Siz özünüz ölkəyə gəlib stabilliyin şahidi ola bilərsiniz. Ola bilsin, kreditlərini qaytara bilməyən bir neçə işçinin və ya əməkhaqqını vaxtında ödəyə bilməyən şirkətlərin problemləri var. Lakin nümayişlər yoxdur.

- Bəs siyasi islahatlar açıq siyasi sistemə keçid olacaq?

- Vətəndaşlara elektron xidmətlər sahəsində nümunəvi islahatlar aparılır. Biz yeni şəxsiyyət vəsiqəsini cəmi bir neçə dəqiqəyə ala bilirik. Əvvəllər buna günlərlə vaxt tələb olunurdu. İndi bunu vəzifəli şəxslər bizim gözümüzün önündə hazırlayıb verirlər. Mən öz vəsiqəmi cəmi 7 dəqiqəyə aldım. Bir çox digər xidmətlər də “ASAN Xidmətə” verilib. Bunlar siyasi islahatlar deyil? Əlbəttə, elədir.

- Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini necə qurur?

- Aİ ilə Assosiasiya sazişi anlayışı bizim üçün deyil, çünki bu Ukrayna və Gürcüstan kimi ölkələrin istədiyi üzvlük istiqamətində addımdır. Biz bunu istəmirik. Müxtəlif ölkələrə eyni şeyi təklif etmək olmaz. Mən Aİ-nin indiki əsasda sonsuz genişlənməsinə inanmıram. Ona görə də, “Hamı üçün bir model” devizi işləmir.

Bizim konkret situasiyada öz üstünlüklərimiz var. Nə kimdənsə asılı deyilik, nə kiməsə ehtiyacımız var. Aİ də bizdə hər şeyi maliyyələşdirmir. Əgər siz axırda duş qəbul etməyəcəksinizsə, saunaya niyə gedirsiniz? Biz Aİ ilə partnyorluq istəyirik. Bizim xarici işlər naziri Elmar Məmmədyarov Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd təqdim edib. Söhbət institusional partnyorluqdan gedir. İndi top Brüsseldədir. Fevralın sonunda Federika Mogerini Bakıya gələcək.

- Ötənilki parlament seçkiləri ərəfəsində ATƏT DTİHB Bakıya müşahidə missiyası göndərmədi, çünki Bakı 350 müşahidəçidən ancaq 125-nə icazə verirdi.

- Bakı DTİHB direktoru Mixael Linkə 125 müşahidəçi göndərməyi təklif etmişdi.

- Çox aşağı rəqəmdir.

- Biz suveren dövlətik. Təklifimizi verdik, dəvət etdik, onlar isə imtina etdilər. Ancaq bizimlə danışıq apara, haradasa orta rəqəm razılaşdıra bilərdilər.

- Niyə 350 yox, bəyəm bu həddən artıq çoxdur?

- 125 bizim deputatların sayıdır. Bizim təklifmizdə məntiq var idi. İstəyirdik ki, standartlar və kriterilər olsun. Ancaq süni şəkildə böhran yaradıb guya bizim müşahidəçilərə əngəl yaratdığımızı nümayiş etdirmək istədilər. DTİHB ATƏT-in institutudur. Biz üzvlük haqqı ödəyirik. DTİHB heç bir izah vermədən bizim dəvətimizi necə rədd edə bilər?

- Bu, gələcək üçün nə deməkdir?

- Heç nə. Onlar bəzi adamlar tərəfindən Twitter-informasiyalarla yaxşı hazırlanmışdılar.

- Mən informasiya agentliklərindən oxumuşam.

- Əgər sizin sualınıza geri qayıtsaq, Azərbaycan DTİHB-lə əməkdaşlığı dayandıracaqmı? Yox. Biz DTİHB-lə əməkdaşlıq etmirik, biz ATƏT-in bir hissəsiyik, üzvlük haqqı veririk. Haqqımız var tələb edək ki, bütün prinsiplərə əməl olunurmu və ATƏT bizim maraqlarımıza uyğun fəaliyyət göstərirmi.

Biz onu başqa ölkələrlə birlikdə formalaşdırmışıq, onların yox deməyə ixtiyarı yox idi, dəvəti qəbul etməli idilər. Gözləyirik ki, onlar bunu dərk edəcəklər və səhvlərini görəcəklər.

- Onlardan üzrxahlıq tələb olunur?

- Bəli, Mixael Link və DTİHB rəsmi üzr istəməlidir, çünki onlar Azərbaycanın imicinə zərbə vurublar. Biz dözmək fikrində deyilik.

- Amal Kluniyə görə narahatsınız?

- İndi də Amal Kluni? Mən Corc Klunini yaxşı aktyor və rejissor hesab edirəm. Amal Kluni isə, deyəsən, onun xanımıdır, hüquqşünasdır. O, Livan əsillidir, eşitmişəm ermənidir. O, kimi təmsil edir?

- O, Xədicə İsmayılı müdafiə edir, Strasburqda, insan haqları məhkəməsində...

- Amal Kluninin doğrudan da işi-gücü yoxmuş...

- Ancaq sizin ölkəniz gələcəkdə məhkəmədə bu işlə qarşılaşacaq.

- Amal Kluni yaxşı hüquqşünas deyil. O, ancaq buna görə məşhurdur ki, Corc Kluninin arvadıdır. Öz istedadını üzə çıxarmaq üçün daha yaxşı məşğuliyyət tapa bilərdi.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *