Hərbi prokuror Ayaz Mütəllibovu ittiham etdi
Ayaz Mütəllibov Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bilirdi.
AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev “Azərbaycan xalqına qarşı 1918-ci il soyqırımları” kitabının təqdimatında deyib.
"Azərbaycanın o vaxtkı hakimiyyəti Xocalıda soyqırımı olacağından xəbərdar idi. Bunu bilmək üçün xüsusi məlumatların olmasına gərək yox idi.
Bu hadisələr 1991-ci ilin noyabrında başlamışdı və intensiv şəkildə davam edirdi. Bunlar Qarabağda müxtəlif kəndlərdə baş verirdi.
Əlbəttə ki, Xocalı miqyasında olmasa da, onlarla adamlar öldürülürdü, yüzlərlə insan yaralanırdı.
Fevral ayının 16-17-də Qaradağlıda 67 nəfər qətlə yetirildi. Bir həftə sonra Xocalı faciəsi baş verdi. Siz bilirsiniz ki, o zaman Xocalıda 7 minə yaxın əhali yaşayırdı. Amma hadisə baş verəndə, orada o qədər adam olmayıb. Bunun səbəbini başa düşmək üçün alim olmağa gərək yoxdur.
Azərbaycan hakimiyyətinin sözsüz ki, bundan xəbəri var idi, amma bunun qarşısını almaq üçün heç bir tədbir görmədi. Bu bir yana qalsın, hadisə baş verəndən sonra da insanların heç olmasa oradan köçürülməsini təşkil etmək lazım idi", - deyə o vurğulayıb.
Hərbi prokurorun sözlərinə görə, hadisədən sonra Daxili İşlər Nazirliyi faciədə iki adamın öldüyü haqqında məlumat yayıb:
“Sonradan Azərbaycan dövləti faciədə 613 nəfərin qətlə yetirildiyini sübut etmək üçün xeyli əziyyət çəkdi”.
X. Vəliyev əlavə edib ki, Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının böyük rolu olub:
“Məhz bu kampaniyadan sonra bir sıra ölkələr bunu soyqırımı kimi qəbul edib”.
Mənbə:> APA