Türkiyə prezidenti: “Putinlə şəxsən görüşmək istəyirəm”.
Rəcəb Tayyib Ərdoğan Rusiyanın Su-34 döyüş təyyarəsinin Türkiyənin hava sahəsini pozması ilə bağlı Vladimir Putinlə görüşmək istədiyini bildirib.
Məsələ ilə bağlı çıxış edən Türkiyə prezidenti bu fikri dünən axşam Rusiya səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə dəvət edilməsi zamanı səsləndirdiyini deyib: “Həmin vaxt da mən xarici işlər müstəşarımıza “Rusiya tərəfi ilə görüşün, hörmətli Putin ilə şəxsən görüşmək istəyirəm” demişəm. Məsələni onlara çatdırıblar, lakin bizim səfirimiz oradan bir cavab olmadığını buraya bildirib."
Rusiya təyyarəsi tərəfindən ölkənin hava sərhədinin yenidən pozulması barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi (XİN) yayıb. XİN bildirib ki, hadisə dünən - 2016-cı il yanvarın 29-da baş verib - Rusiya hava qüvvələrinə aid bir ədəd Su-34 döyüş təyyarəsi yerli vaxtla saat 11:46-da Türkiyə hava sahəsini pozub.
Xarici İşlər Nazirliyinin məlumatına görə, pozuntudan əvvəl Rusiya Federasiyasının təyyarəsinə Türkiyə tərəfindən dəfələrlə rus və ingilis dillərində xəbərdarlıq edilib. “Ölkəmiz və NATO tərəfindən edilən açıq xəbərdarlıqlara baxmayaraq bu pozuntu də Rusiyanın aradakı problemləri gərginləşdirmək istiqamətində hərəkətlərinin yeni və konkret bir göstəricisidir”,- deyə Türkiyə XİN-in məlumatında vurğulanıb.
Türkiyə tərəfi bu cür məsuliyyətsiz davranışlar nəticəsində ortaya çıxa biləcək “dəhşətli hadisələrə” Rusiyanın məsuliyyət daşıdığını bildirib. XİN-in bəyanatında hadisə ilə bağlı Rusiyanın Türkiyədəki səfirinin nazirliyə çağırılaraq Ankaranın etirazı onun nəzərinə çatdırılıb.
İki ölkə arasında oxşar hadisə 2015-ci ilən noyabr ayında da baş vermişdi. Ankara dəfələrlə hava sərhəcini pozmuş Rusiya təyyarələri ilə bağlı etirazını Moskvanın diqqətinə çatdırsa da Kreml məsələyə etinasızlıqla yanaşmışdı. Nəticədə, noyabrın 24-də Türkiyə Rusiyaya məxsus Su-24 təyyarəsini vurmağa məcbur olmuşdu.
Su-34 döyüş təyyarələri taktiki bombardman üçün modernləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyasıdır. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb.
Mənbə:> ANSPRESS