İran Londonda keçiriləcək konfransı təxirə saldı
Fevralın 22-24-də Londonda keçirilməsi nəzərdə tutulan beynəlxalq konfrans rəsmi Tehran tərəfindən ləğv edilib.
Oxu.Az bu barədə Reuters-ə istinadən xəbər verir ki, buna səbəb Britaniyanın Tehrandakı səfirliyinin konfransda iştirak edilməsi nəzərdə tutulan iştirakçıların viza problemini həll etməməsi olub.
Məlumata görə, bu ilin mayında İranda keçiriləcək neft müqavilələri üzrə tenderə xarici şirkətlər dəvət ediləcək.
İran Milli Neft Şirkəti başçısının müavini Əli Kardora isə yaranmış vəziyyət ilə bağlı bunları bildirib:
“Britaniyanın Tehrandakı səfirliyi Londona gedəcək İran şirkətlərinin nümayəndələri üçün viza problemini həll edə bilməyib. Və onlara 3-cü ölkədən viza almaq lazım idi. Bu səbəbdən konfrans təxirə salınıb”, - Ə.Kardora qeyd edib.
Xatırladaq ki, Londonda keçirilməsi planlaşdırılan konfrans rəsmi Tehranın xarici sərmayədarları neft-qaz sektoruna cəlb edilməsi ilə bağlı idi.
Qeyd edək ki, 135 enerji şirkəti, o cümlədən “British Petroleum”, Fransanın “Total”, İtaliyanın “Eni”, İspaniyanın “Respol” ötən ilin noyabr ayında Tehranda keçirilən konfransda iştirak ediblər. Həmin konfransda rəsmi Tehran ilə enerji şirkətləri arasında müqavilələr imzalanmışdı. Müqavilələrin bəzi detalları enerji şirkətlərinə bildirilib. Lakin İran rəsmiləri qeyd edirdilər ki, müqavilənin detalları barədə daha ətraflı məlumat Londonda keçiriləcək konfransda açıqlanacaq.
Mənbə:> Oxu.Az