Putin Mövlanənin şəhərini də nəzarətə götürdü
Rusiya Suriyanın Türkiyə ilə sərhəddə yerləşən Türkman Dağı bölgəsinə S-400 zenit raket kompleksləri yerləşdirir.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə iqtidarına yaxın “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
Məlumata görə, Moskvadan gələn mütəxəssislər kompleksin yerləşdirilməsi üçün araşdırmalara başlayıb və S-400-lərin Salma qəsəbəsində qurulması üçün işlərə start verilib.
Rusiya bu bölgədə yerləşdirilən S-400-lər sayəsində Türkiyənin Qaziantep, Mardin, Adana, Mersin, Hatay, Niğdə, Nevşəhər, Antalya, Şanlıurfa və Konya vilayətlərini nəzarət altında saxlaya biləcək.
Kreml Türkman dağının ən yüksək nöqtələrinə isə dinləmə stansiyaları quraşdıracaq.
Azad Suriya Ordusunun (ASO) Baş Qərargah rəisi Əhməd Berri Rusiyanın Latakiyadakı hərbi bazasını qorumaq üçün bu addımı atdığını bildirib.
Qeyd edək ki, noyabrın 24-də rus bombardmançısının Türkiyə tərəfindən vurulmasından sonra Moskva Suriyadakı bazasına S-400 hava hücumundan müdafiə sistemlərini göndərib.
Mənbə:> Axar.az