Ruslar türkmanların başına od ələyir
Rusiyanın Su-24 təyyarəsinin dünən Türkiyəqırıcısı tərəfindən vurulduğu bölgə bu gün intensiv bombardmana məruz qalıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Londonda mənzillənən Suriya İnsan Haqları üzrə Müşahidə Şurası məlumat yayıb.
Məlumata görə, Rusiya aviasiyası Cəbəl-Əkrad və Cəbəl-Türkman rayonlarına azı 12 aviazərbə endirib. Bu bölgələr üsyançı türkmanların nəzarətindədir. Bəşər Əsəd rejiminin tərəfində dayanan Rusiya Suriya hakimiyyətinə müxalif üsyançılara və islamçı “ən-Nüsra Cəbhəsi”nə qarşı döyüşür.
“Reuters” agentliyi isə türkman səhra komandirlərindən birinə istinadən belə xəbər yayıb ki, türkmanların kompakt yaşadığı bölgələr Rusiyanın Aralıq dənizindəki hərbi gəmilərindən intensiv raket atəşinə tutulur. Bu zona həm də davamlı artilleriya zərbələrinə məruz qalır.
Qeyd edək ki, Rusiyanın Su-24 bombardmançısı noyabrın 24-də Suriyanın Hmeymim rayonunda (Türkiyə sərhədindən 30 km aralıda) Türkiyənin F-16 qırıcısı tərəfindən vurulub. Bundan sonra Rusiya prezidenti Vladimir Putin türkmanları açıq şəkildə müdafiə edən Türkiyəni “amansız qisasla” hədələyib.
Mənbə:> Virtualaz.org