Azərbaycanı çörəklə imtahana çəkən deputatlar
Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının “Yeni Müsavat”a verdiyi açıqlama səs-küyə səbəb olub.
Fəzail Ağamalı Milli Məclisin deputatları -Tahir Süleymanov və Əsabil Qasımovun adlarını çəkərək, ölkədə unun qiymətinin süni şəkildə bahalaşmasına görə onları sərt tənqid edib. Fəzail Ağamalı hər iki deputatın un istehsalı ilə məşğul olduqlarını dilə gətirərək, qiymətlərin onlar tərəfindən qaldırıldığını deyib.
Fəzail Ağamalının sözlərinə görə, adıçəkilən deputatlar çağırışlara məhəl qoymasalar, birbaşa onların üstünə gedəcək. Qeyd edək ki, Tahir Süleymanov və Əsabil Qasımov iri un şirkətləri və un dəyirmanlarının sahibləridir. Modern.az saytı bu gün səhər saatlarından adı unun və çörəyin bahalaşmasında hallanan deputalar Əsabil Qasımov və Tahir Süleymanovla əlaqə saxlamağa çalışıb. Lakin hər iki deputatın telefonu sönülü olduğundan zənglər cavabsız qalıb.
Daha sonra həmin deputatların köməkçiləri ilə əlaqə saxladıq. Əsabil Qasımovun köməkçisinin cavabı belə oldu: “Əsabil Qasımov xaricdədir. Yanvar ayının sonları ölkəyə gələcək. Bu məsələ ilə bağlı Əsabil Qasımova niyə müraciət edirsiniz?! O deputatdır. O belə işlərlə məşğul deyil. Un şirkətləri bunu daha yaxşı bilər”.
Tahir Süleymanovun köməçisi isə belə cavab verib: “Bu gün səhər saat 9-dan Tahir müəllim iclasdadır. İclas indi də davam edir. Mən də əlaqə saxlaya bilmirəm. İclasın nə vaxt bitəcəyi haqda məlumatım yoxdu”.
Mənbə:> Modern.az