Daha bir deputatın adı borc qalmaqalında
Deputat Əsabil Qasımov ölkədə böyük rezonansa səbəb olan, hələ də davam edən “oliqarxgeyt” qalmaqalında adının hallanmasına münasibət bildirib.
AzNews.info xəbər verir ki, “Yeni Müsavat” əməkdaşının suallarını cavablandıran deputat deyib ki, onun heç vaxt kredit borcu olmayıb. Əsabil Qasımov “Beynəlxalq Bank işi” ilə bağlı ilə çağırılıb dindirilməsi xəbərini şayiə adlandırıb: “Stolun üstünə bir kağız çıxarıb qoysunlar. Mənə, mənim ailə üzvümə, oğlanlarıma, qardaşlarıma, bacılarıma Beynəlxalq Bankın nə vaxtsa kredit verməsi və həmin kreditin bağlanması haqda bir sənədi ortaya çıxarana mükafat verəcəyəm. Həyatımda Beynəlxalq Bankla heç bir əlaqəm olmayıb. Son 10 ildə isə ümumiyyətlə yolum həmin bankın qabağından belə düşməyib”.
Deputat ailəsinə məxsus “Karat holdinq”ə daxil olan tikinti şirkəti ilə bir neçə gün əvvəl həbs olunan Dövlət Bayraq Meydanı İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsus “Azimport” şirkətinin şərikli bina tikməsi məsələsinə də aydınlıq gətirib. Deyib ki, Rəşad Məmmədovla şərikli biznesi yoxdur: “Rəşad Məmmədovla heç vaxt şərikli işim olmayıb, heç bir toyuq hinim də yoxdur”
“Azimport” şirkətinin adını belə eşitmədiyini söyləyən deputat “şərikli toyuq hinimiz də yoxdur, tikməmişik də” deyib. Əlavə edib ki, barəsində zaman-zaman düzgün olmayan məlumatlar yayılıb: “Keçmişdə də yazmışdılar ki, mənim Almaniyada villam var. Belə məlumatları yazanda mətbuat dəqiqləşdirmə aparsın”.
Əsabil Qasımov barəsində bədxahlarının məlumat yaya biləcəyi ehtimalını yaxına buraxmır. Deyir ki, onun düşməni yoxdur: “Necə ki, kreditim yoxdur, düşmənim də yoxdur. Mənim ancaq dostlarım var. Mənim heç vaxt kiminsə malında, əmlakında gözüm olmayıb, bundan sonra da olmayacaq. Bir daha deyirəm ki, mənim, ailə üzvlərimin, yaxınlarımın heç vaxt, heç zaman Beynəlxalq Bankda kreditim, əmanətim olmayıb. Nə mənim, nə də ki, ailəmin heç vaxt düşməni olmayıb, Allahın köməkliyi ilə bundan sonra da olmaz”.
Deputat “oliqarxgeyt” qalmaqalında həbs olunanlara və ümumilikdə dələduzluq edənlərə də müraciət edib: “Nəinki həbs olunan o adamlar, dələduzlar da çəkilsinlər düz yola. Dələduzluqdan əl çəksinlər, xalqın malına, dövlətin malına heç göz dikməsinlər. Hamı ədalətli olsun”.
Ə.Qasımov tutulan sahibkarlarla tanışlığına da aydınlıq gətirib: “Aralarında üzdən tanıdıqlarım var, amma şəxsi tanışlığım olanı yoxdur. Mən öz işlərimlə məşğulam, məktəb tikirəm, imkansızlara köməklik edirəm. Vətənimizin çiçəklənməsi, xalqımızın rifahı ilə məşğulam”.
Deputat 2015-ci il noyabrın 1-də keçiriləcək parlament seçkilərinə qatılacağı ilə bağlı suala belə cavab verib: “Hələlik namizədlik haqda düşünməmişəm. Hələ vaxt çoxdur”.
Qeyd edək ki, yayılan məlumatlarda bildirilir ki, Ə.Qasımov Rəşad Məmmədovla Səbayel rayonu, Axundov bağının yaxınlığında hündürmərtəbəli bina tikintisi ilə məşğuldur. R.Məmmədov saxlanıldıqdan sonra Ə.Qasımovu da qeyri-rəsmi istintaqa cəlb ediblər. Ondan Beynəlxalq bankdan kredit götürməsi ilə ifadə alındığı da yayılan xəbərlər sırasında idi.
Xatırladaq ki, Əsabil Qasımovun yaratdığı, hazırda oğlunun idarə etdiyi “Karat Holdinq”in tərkibinə - Karat MTK, “Azinvest” MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Everest-M, Şin Servis (armatur alqı-satqısı); “Karmen” MMC (dəyirman və un alqı-satqısı); Hökməlidə Makaron Fabriki, Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri), Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki “Marina Plaza” oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri, Səməd Vurğun küçəsində “Ağ Saray” binası; Bakı şəhəri, Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi, 61-də yerləşən “Premium Market” daxildir.
Mənbə:> Musavat.com