Xarici kəşfiyyata işləyən 2 azərbaycanlı tutuldu
2015-ci ildə dövlət sərhədini pozduğuna görə 461, sərhəd rejimi qaydalarını pozduqlarına görə 16 min 648 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2015-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunan hesabat müşavirəsində qeyd olunub.
Qeyd olunub ki, saxlanılan şəxslərin 55,1%-i Azərbaycan, 8,5%-i Özbəkistan, 7,6%-i İran, 4,3%-i Banqladeş, 3,9%-i Əfqanıstan, 2,6%-i Gürcüstan, 2,4%-i Moldova, 2,2%-i Rusiya, 1,7%-i Türkiyə, 1,3%-i Nigeriya, 1,3%-i Qırğızıstan, 9,1%-i digər ölkə vətəndaşları olublar.
“İl ərzində 4011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
2015-ci il ərzində 5 milyon 242 min manat dəyərində qaçaqmal tutulub, 164 kq 858 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. 21,1 ton yabanı halda bitmiş narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib”, - deyə, iclasda qeyd olunub.
Bundan başqa, tədbirdə həmçinin qeyd olunub ki, il ərzində sərhəddə xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan, 1 əcnəbi vətəndaş, xarici xidmət orqanları ilə məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı, xarici münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb, o cümlədən qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
“Xəzər dənizində sərhəd rejiminə nəzarət məqsədilə Azərbaycana məxsus 73, Rusiyaya məxsus 19, İrana məxsus 6, Qazaxıstana məxsus 1 gəmiyə, Türkmənistana məxsus 6 gəmiyə, Azərbaycana məxsus 363 kiçik həcmli üzmə vasitəsinə baxış keçirilib.
Azərbaycana məxsus 13 gəmi, digər dövlətlərə məxsus 4 gəmi və Azərbaycana məxsus 179 qayıq, o cümlədən 347 nəfər heyət üzvü barəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə DSX Sahil Mühafizəsi tərəfindən 4 halda dənizdə xilasetmə əməliyyatları keçirilib, 8 nəfər vətəndaş xilas edilib”, - deyə, iclasda bildirilib.
Mənbə:> Oxu.Az